Главная > Mədəniyyət > Xalq Artisti Çingiz Sadıxov son mənzilə yola salınıb

Xalq Artisti Çingiz Sadıxov son mənzilə yola salınıb


16-01-2018, 16:46. Разместил: yeni321
 
Xalq Artisti Çingiz Sadıxov son mənzilə yola salınıb

ABŞ-da vəfat etmiş məşhur pianoçu, Azərbaycanın Xalq Artisti Çingiz Sadıxovla yanvarın 16-da Təzəpir məscidində vida mərasimi keçirilib.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək sənətkarın həyat və yaradıcılığından söz açıb. O, sənətkarın vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndirib. Vurğulayıb ki, Azərbaycan musiqisində Çingiz Sadıxovun özünəməxsus yeri və xidmətləri var. O, böyük sənətkarlarımız Rəşid Behbudovu, Bülbülü, Mirzə Babayevi, Şövkət Ələkbərovanı və digər sənətkarları ən məşhur konsert salonlarında müşayiət edib.
Məşhur pianoçu ilə gənc vaxtlarından tanış olduğunu qeyd edən Xalq Artisti Rafiq Seyidzadə deyib: “Çingiz Sadıxov olduqca böyük musiqiçi idi. Rəşid Behbudovun repertuarının ən yüksək səviyyədə təqdim olunmasında onun böyük xidmətləri olub. Çingiz Sadıxov ABŞ-ın 40-dan çox şəhərində Azərbaycan musiqisini təbliğ edib”.
Çıxış edənlər Çingiz Sadıxovun xatirəsinin Azərbaycan xalqının qəlbində hər zaman yaşayacağını söyləyiblər.
Ölkə başçısının göstərişinə əsasən nəşi vətənə gətirilən görkəmli musiqiçi Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.
Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar Artisti, 1987-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.
Allah rəhmət eləsin.
 шаблоны для dle 11.2
Вернуться назад