Главная > Mədəniyyət > Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub


2-02-2018, 16:33. Разместил: yeni321
Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub.
Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.
 
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir. “Sevindirici haldır ki, Azərbaycanda son illər Prezidentin dəstəyi və birbaşa qayğısı nəticəsində yeni gənclər hərəkatı formalaşıb. Bu, könüllülər hərəkatdır. Könüllülük hərəkatı dövlət siyasətinə dəstək formasını alır. Gənclərin ictimai həyatda fəal iştirakı yeni ab-hava gətirib. Ölkənin taleyi, inkişafı və gələcəyi birbaşa gənclərlə bağlıdır”, - deyə nazir qeyd edib.
Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin və tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.
Festivalın təşkilini yüksək qiymətləndirən İ.Kərimov tədbirin gənclərin potensialını üzə çıxarmasında əhəmiyyətini vurğulayıb və uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.
Daha sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib. AZƏRTAC.




 


 шаблоны для dle 11.2
Вернуться назад