Главная > Mədəniyyət > Masallıda “Ölməzlik haqqı” kitabının və “Ləyaqət işığında” filminin təqdimatı

Masallıda “Ölməzlik haqqı” kitabının və “Ləyaqət işığında” filminin təqdimatı


18-05-2023, 17:52. Разместил: admin44

Masallıda ictimai-siyasi xadim İltifat Ağaverdi oğlu Məmmədovun 80 illik yubileyi qeyd edilib. Masallı Dövlət Regional Kollecinin təşkilatı dəstəyi ilə “Masallı Gənclər Evi” Sosial Xidmət müəsissəsində baş tutan tədbiri “Masallı ziyalıları” İctimai Birliyin sədri Qardaş Fətullayev açaraq Masallı rayonunda yüksək vəzifələrdə çalışan mərhum İltifat Məmmədov haqqında qonaqlara geniş məlumat verdi. Sonra İltifat Məmmədovun ictimai-siyasi fəaliyyətindən, mənalı həyat yolundan və yaradıcılığından bəhs edən “Ləyaqət işığında” sənədli filminin nümayişi oldu. Filmin nümayişindən sonra yazıçı-publisist Nurəddin Ədiloğlunun İltifat Məmmədovun həyatından bəhs edən “Ölməzlik haqqı” kitabının təqdimatı oldu. Kitabda İltifat Məmmədovun doğmalarının, dostlarının, onu sevənlərin ürək sözləri, xatirələri toplanıb.

Müəllif öz yaradıcılıq ənənələrinə sadiq qalaraq qəhrəmanının obrazını oxucuların gözü önündə canlandırmaq üçün essevari düşüncələrdən, maraqlı fraqmentlərdən və bədii-sənədli ştrixlərdən istifadə edib.  Kitabın ideya müəllifi yubileyarın gəlini, Masallı Dövlət Regional Kollecinin müəllimi Günay Məmmədova, redaktoru isə kollecin direktoru Vidadi Nəzərovdur.  Çıxış edən ziyalılar İltifat Məmmədov barəsində xatirələrini bölüşüb, maraqlı ekran əsərinin və kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildirdilər.  Sonda 80 yaşı qeyd edilən mərhum yubileyarın oğlu Bəhruz Məmmədov çıxış edərək atasının xatirəsini əziz tutub tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirib.Qeyd edək ki, “Nur” studiyasının istehsalı olan sənədli filmin ideya müəllifi Günay Məmmədova, ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzədir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад