Главная > Mədəniyyət > Eksponatlarda yaşayan tarix

Eksponatlarda yaşayan tarix


8-06-2018, 13:56. Разместил: admin44
 
Eksponatlarda yaşayan tarix
 
Əntiqə Tağıyeva ilə işlədiyi Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində görüşürəm.
Ətrafımızda zaman çağlayır. Əsrlərdən “gələn səsləri eşidirik”. Uzaq-uzaq illərin olayları gözümüzün önündə canlanır. Xalqın keçdiyi keşməkeşli həyatın yadigarları, məişət əşyaları insanların ömür-gününün hər anını əks etdirən eksponatlar... Kitablardan, qəzetlərdən öyrəndiyimiz tarixin şahidləri olan yüzlərlə əmək alətləri, insanı zinətləndirən əşyalar, ev-eşik bəzəkləri... Zaman “dəyirman daşı kimi günləri üyütdükcə”, dünya fırlandıqca, tarixin illərdən bəri yazılan təqvimləri bir-birini əvəz etdikcə “sular durulub dibindəki daşlar göründüyü” kimi rəflərdəki əşyalar da sanki dil olub danışır. Qılınclar, gürzlər, silahlar, dəmir, kağız, gümüş pullar, əl dəyirmanları, xış, kotan, xalça, palaz, kilim...
Çıraqların, lampaların neçə növü... Dünyanın nuru, arzuların, ümidlərin işığı, şəfəqi olub hər biri...
Bu gün Masallının zəngin tarixini, yurd-yuvamızın qədimliyini əks etdirən yüz illərin bu günə dönüşü üçün vasitə olan eksponatlar Əntiqə xanımın həyat amalına dönüb, ona şan-şöhrət gətirib. Elə bu muzey əşyaları vaxtilə atası ilə onun istəklərinin müxtəlif qütblərə ayrılmasına səbəb olub. Bunu etiraf edən müsahibim dedi ki, “atam həmişə məni indiki iş yerimdə görmək istəyib”. Canı qədər sevdiyi, min bir əziyyətlə topladıqlarını Əntiqəyə etibar etmək istəməsi də Rəhim müəllimin müdrikliyindən, qızına inamından, onun istedadına və səriştəsinə arxayınlığından irəli gəlirdi.
İlk fikir ayrılıqları sənət seçəndə oldu. Rəhim Tağıyev övladını müəllim görmək istəyirdi. Əntiqənin seçimi başqa idi. Müvəffəqiyyətlə imtahan verib Sankt-Peterburq Texnologiya İnstitutuna qəbul olunanda atasının ikili hiss keçirdiyini gördü.
“Muzey mənim nəzərimdə atamla ailəsi, eyni zamanda cəmiyyət arasında qəribə çətinliklər yaradan bir yer anlayışı verirdi” – deyir. “Bir müəllim kimi camaat, valideyn kimi övladları tərəfindən sevilən atam kəndbəkənd gəzib köhnə yaşayış yerlərində qazıntı aparılan sahələrdə, şumlanan tarlalarda saatlarla vaxt itirəndə, topladıqlarını sevinə-sevinə gətirəndə, bir çətən külfətin dolanışığına hesablanan müəllim məvacibindən muzey eksponatına səxavətlə xərcləyəndə bu münasibətlər bir qədər soyuyurdu”. Topladıqlarının qiymətini, mahiyyətini ancaq Rəhim müəllim kimi həssas insanlar, irəlini görənlər bilirdi. Çox zaman cəmiyyətdə tənələrə də məruz qalırdı, təhqirlərə də. Üzünə deməyə cürəti çatmayanlar kölgəsini qılınclayırdılar...
...1994-cü ildə ali təhsil alıb atasının təhriki ilə kəndə qayıdan Ə.Tağıyeva bir il sonra Hişkədərə kəndində uşaq-gənclər təşkilatının rəhbəri kimi işə başlayır, eyni zamanda kimya fənnini tədris edir. 1998-ci ildən muzey işlərində də atasına kömək edir, bələdçi kimi fəaliyyət göstərir. Sonralar Bakıda ixtisası üzrə çalışır, uğurlar qazanır.
Atasının ölümündən 8 ay sonra Rəhim müəllimin əmanəti olan muzeyə rəhbərlik etmək üçün dəvət edilir. Deyir ki, “razılaşmasam da daxili vicdan hissim məni muzeyə qayıtmağa vadar etdi. 2002-ci il iyul ayında rayon mədəniyyət şöbəsinin müdiri Lətifə xanım Mövsümovanın təqdimatı ilə Masallı Tarix-Diyarşünaslıq Muzeyinə direktor təyin olundum”...
O vaxtdan 16 il keçib. Hər il özü ilə yeni-yeni uğurlar gətirib... Bu barədə deyir ki, “muzeyə daxil olanda içərisində böyük bir aləm gördüm. Bu aləmi hər bir eksponatını deyərdim ki, bizdən çox istəyən atam toplamışdı. Rəhim müəllimin zəhmətinə verilən dəyər məni daha məsuliyyətli olmağa sövq etdi. Eyni zamanda ilk addımdan çalışdım ki, mənə Rəhim müəllimin qızı kimi yox, öz zəhmətimə görə hörmət etsinlər. Bu, atamdan mənə yadigar qalan xarakter idi”.
“Muzey işi kənardan adi görünsə belə, daxilən zəngin bir işdir. Burada işləyən təkcə tariximizdən yox, bizi əhatə edən bütün maddi-mənəvi irsimizdən, ənənələrimizdən, dəyərlərimizdən məlumatı olmalıdır.
İlk zamanlarda bu peşəni sevməsəm də indi onun vurğunuyam. Hətta sevinirəm və fəxr edirəm ki, atam övladları arasında məhz məni öz işinin davamçısı kimi görübdür. Bu peşə mənə həyatda hər zaman məğrur və mərd dayanmağı öyrətdi. Ömrümdə çox sevinclərdən kənar qaldığım halda xalqın, cəmiyyətin sevgisini qazandım. Məni mənim kimi tanıdılar. Bütün bunların fonunda bir vətən övladı kimi üzərimdə olan məsuliyyəti daha da artırdım. Dövlətimizin, xaqımızın adət-ənənələrini, tarixi irsimizi qoruyub təbliğ etmək mənəvi borcumdur. Bu borcu layiqincə yerinə yetirməyimə, muzeyimiz üçün hər cür şəraiti olan binanın tikintisi üçün vəsait ayıran ölkə Prezidentinə minnətdaram. RİH başçısı muzeyin rayon mərkəzinə köçürülməsinin təşəbbüsçüsü olmuşdur.
Bu gün bir daha üzərimdə böyük məsuliyyət dərk edirəm. Mənə muzey işində səmərəli fəaliyyətimə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi işimdə daha səylə çalışmağıma stimul verir. Bu təkcə mənim uğurum deyil, bu, işlədiyim mədəniyyət idarəsinin, təmsil etdiyim kiçik kollektivin uğurudur. Bu fəxri adın mənə verilməsinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz adımdan, ailəmizin adından, kollektivimin adından dərin minnətdarlığımı bildirirəm.
Bu ada məni layiq bilib təqdimat verdiklərinə görə RİH başçısı Rafıl Hüseynova, Mədəniyyət İdarənin rəisi Lətifə xanıma və bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm...”
Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun həyat və fəaliyyəti maraqlıdır, təşəbbüslər biri-birindən dəyərlidir.


 




 
                                                R.RZAYEV.
                                                  “Yeni həyat”,
                                           
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад