Главная > Səhiyyə > Masallıda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir

Masallıda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir


28-02-2019, 14:52. Разместил: yeni321
Sağlamlıq aksiyası sabahımızın sağlamlığıdır

Azərbaycan vətəndaşlarının sağlamlığı dövlət siyasətinin əsas sahələrindədir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra elm, təhsil və səhiyyənin inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirməyə başladı. Çünki, insanların sağlamlığı müstəqil ölkəmizin işıqlı sabahı üçün əsas meyar idi. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də böyük qayğı və diqqətlə əhatələnib. İndi 5 ildir ki, ölkə rəhbərinin Sərəncamı ilə əhalinin pulsuz tibbi müayinə tədbirləri aparılır. Bu aksiya zamanı milyonlarla insan tibbi müayinələrdən keçirilir, problemli xəstələr müəyyənləşdirilib ixtisaslaşdırılmış səhiyyə ocaqlarına göndərilir.
Sağlamlıq aksiyası Masallı rayonunda da yüksək səviyyədə keçirilir. Fevralın 12-si. Rayonun ayrı-ayrı kəndlərindən gələnlərin yolu rayon Mərkəzi Xəstəxanasının həyətində birləşir. Bu qələbəlik xəstəxananın poliklinika şöbəsində daha aydın hiss olunur. Burada xəstələrin qeydiyyatı başlanır. Sevda Quliyeva, Təranə Nəzərova gələnləri istiqamətləndirirlər. Müraciət edənlərlə həkimlərin ünsiyyəti aksiyanın uğurlu davamından xəbər verir. Bəzən sorğu-suala həkim, bəzən də xəstə başlayır. Həkim:
-Nədən şikayətin var? Neçə yaşındasan? Yuxun normaldırmı, şəkərin varmı?... Xəstə vəziyyətinə aydınlıq gətirir:
-Öd kisəm ağrıyır, qaraciyər məni incidir, gecələr başağrıdan yata bilmirəm. Tez-tez soyuq tər məni basır...
Müalicəyə gələnlər ilk öncə terapevtlərə müraciət edirlər. Təcrübəli terapevtlər Ələddin Mirzəyev, Məsud İsrafilov az vaxtda bir neçə vətəndaşa tövsiyələrini verirlər. Hişkədərə kənd sakini Ağabanı Ağayeva müayinədən sonra şəkər həkiminə göndərilir, ona qan analizi vermək məsləhət görülür.
Cərrahların, burun-boğaz, kardioloq, ginekoloq, nevropotoloq, oftalmoloq, laborantların, yardımçı-diaqnostik həkimlərin işi də az deyil. İlk müayinəyə gələnlər arasında təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Masallı Regional Mədəniyyət idarəsinin işçiləri də var.
Mahmudavarlı, şəhid Ehtiram Abbasovun anası Şahzeynəb xanım terapevt və kardioloqa müraciətindən sonra özündə rahatlıq tapdığını deyir. Həkimlər onu inandırırlar ki, qorxulu heç nə yoxdur. Çoxuşaqlı ana fərəhini gizlətmir:
-Dövlət başçımız sağ olsun. Cənab İlham Əliyevin bu qayğısı biz ahıl adamlara çox böyük diqqətdir. Yaşıma görə özümü narahat hiss edirdim. İndi tam əmin oldum ki, yaxşıyam.
Mərkəzi Xəstəxananın klinik laboratoriyasının müdiri Fəxrəddin Əhədov xəstəni qəbul edir, qan analizinin nəticəsini ona təqdim edir:
-Anacan, şəkərin yüksək deyil. Qan laxtalanması da normaldır.
F.Əhədov deyir ki, vətəndaşların müayinəsi üçün biz daha çox məsuliyyət daşıyırıq. Odur ki, laborantlarımız dəqiqliyə diqqət yetirirlər.
Növbədə dayananlarla həmsöhbət oluruq. Səmidxanlı, yaşıllıq idarəsinin müdiri Adbala Əmənov bildirir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qayğısı xalqın bütün təbəqələrinin ürəyindəndir. Hamı aksiyada məmnuniyyətlə iştirak edir. Sağlamlığı üçün narahat olanlar mütləq müayinədən keçmək istəyir.
 Uzun illər rabitə sahəsində çalışan Töhfə Rəhimova həkimlərin müayinəsindən razı qaldığını bildirir. O, bu qayğıya görə dövlət başçısına minnətdarlıq edir. Müayinəyə gələnlər ultrasəs müayinəsindən çıxanda Rahid Kərəmlidən razılıq edirlər. Nevropotoloq Məmmədbağır Piriyev, göz həkimi Gülnarə Məmmədova, LOR Lamiyə Kərimova, cərrah Fəxrəddin Nəzərov müayinələrin dəqiqliyinə çiddi diqqət yetirirlər. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Asif Əliyev və rayon poliklinikasının müdiri Rasim Əzizov müayinə aparılan otaqlarda olur, aksiyanın ahənginə nəzarət edirlər. A.Əliyev deyir ki, müayinəyə gələnlərin sayı günbəgün artır. Hər il belə olur. Mart ayında müayinəyə gələnlərin sayı daha da artacaq. Bu il daha çox vətəndaş müayinədən keçiriləcək. Çünki, əsaslı təmirdən sonra istifadəyə verilən Masallı RMX-da yeni və ən müasir tibb avadanlıqları və aparatlar mövcuddur. Bu da vətəndaşların daha dəqiq müayinədən çıxmasına zəmin yaradır.
Aksiya zamanı rayon sakinləri yüksək ixtisaslı təcrübəli həkimlər tərəfindən hərtərəfli tibbi müayinə olunur. Məqsəd əhalinin sağlamlığının qorunması, baş verə biləcək xəstəliklərin vaxtında aşkarlanması, müalicəsi və profilaktikası işlərini yerinə yetirməkdən ibarərdir. Masallı RİH başçısı canab Rafil Hüseynov və aparatı, Qarğalıq, Çaxırlı və Musaküçə məktəblərinin pedoqoji kollektivləri də Mərkəzi xəstəxanaya gəlib tibbi müayinədən keçirlər.
Fasiləyə az qalmış RMX-nın baş həkimi Cəlil Nəzərovla görüşüb sağlamlıq aksiyasının gedişi barədə məlumat alırıq. O, deyir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi Masallıda da fevralın 12-dən əhalinin tibbi müayinəsinə başlanılıb və aksiya uğurla davam edir. Şübhəsiz ki, builki müayinələrdə daha çox vətəndaş iştirak edəcək. Çünki, Masallı RMX ixtisaslı kadr və yüksək diapazona malik cihazlarla təchiz olunub. Üstəlik, Boradigah qəsəbə və Viləş kənd sahə xəstəxanalarında da aksiya üçün geniş hazırlıq görülüb. İndiyə kimi rayonda 30 minə yaxın sakin tibbi müayinədən keçmişdir. Aksiya zamanı xəstəlik aşkar olunan vətəndaşlardan 435 nəfəri ambulator, 17 nəfəri stasionar müalicəyə cəlb olunub. 25 nəfər Bakının ixtisaslaşdırılmış tibb müəsissələrinə göndərilib.
Baş həkim bildirir ki, aksiya mayın 12-nə kimi davam edəcək və 150 min rayon sakini tibbi müayinədən keçəcək.
Bu gün isə rayonun hər üç səhiyyə ocağında əhalinin tibbi müayinəsi uğurla davam edir.



 



 
Həsənağa ƏLİYEV,
 “Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад