Главная > Səhiyyə > BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR
BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR24-12-2020, 18:17. Разместил: yeni321 |
BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR ƏSRİN TƏBABƏTİ – BİOLOJİ TƏNZİMLƏMƏ Masallı Bioloji Təbabət Klinikası iki yaşını qeyd edir. Bu müddət ərzində yerli və xarici pasientlərə göstərilən xidmət və əldə edilən nailiyyətlər tibb personalını daha da ruhlandırır. Bioloji Təbabətin Azərbaycanda özəl klinikalarının yaradılmasının ideya müəllifi tanınmış iş adamı Elxan Yaqubovdur. O, 11 il öncə respublikamızda "Bioloji Təbabət" MMC-ni təsis edib və baş direktorudur. Bioloji Təbabət Klinikaları Şəbəkəsinin direktor müavini isə Qüdrət Yaqubovdur. Məhz bu müasir səhiyyə ocağının yaradılması ilə Azərbaycan tibb sahəsinə bir yenilik gəlib, desək yanılmarıq. Bakı, Sumqayıt, Göyçay filiallarından sonra cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək və xarici ölkələrə xəstə axınının qarşısını almaq məqsədilə Masallı rayonunda yaradılan bu sağlamlıq ocağı orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə müasir müalicə metodu – bioloji üsullarla həm ambulator, həm də stasionar tibbi xidmət göstərir. *** Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları əsgərlərimiz tək mübariz və qorxmaz mövqe sərgilədilər. Ön və arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm oldular, tarixi zəfərə öz töhfələrini verdilər. Qazanılan Böyük Qələbədə Masallı bioloji təbabətçilərinin də payı var. Müharibənin başladığı ilk gündən – sentyabrın 27-dən Ali Baş Komandanımıza, Ordumuza dəstək məqsədilə Müdafiə nazirliyinə, aidiyyatı təşkilatlara müraciətdən sonra tibbi avadanlıqlarla təmin edilmiş iki “Ambulans” TTY maşını ilə klinikanın həkim heyəti iki dəfə (hər ezamiyyədə 15 gün müddətinə) döyüş bölgəsinə səfərbər olub. İki ay ərzində hər həftə ön cəbhədəki əsgərlərimizə dərman vasitələri, ərzaq məhsulları göndərilib, tibbi yardımlar göstərilib. Bioloji Təbabət Klinikasının (BTK) Masallı filialının direktoru Sevindik Becanlı müsahibə zamanı bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə iki ay hərbi hospital kimi fəaliyyət göstərən klinikamızda 100 nəfərdən artıq yaralı əsgər müalicəyə cəlb edilib. Onlara yüksək səviyyədə əməliyyat, müalicə, bərpa-reabilitasiya və digər lazımi tibbi xidmətləri göstərilib. Əlimizdən gələni edirdik ki, qəhrəmanlarımız daha tez sağalsınlar. Dekabr ayının ilk günlərindən etibarən stasionar müalicəsini başa vuran 50 əsgər evlərinə və ya hərbi hissələrə dönüblər. Müharibənin bitməsinə baxmayaraq mütəmadi olaraq, klinakımıza müraciət edən qazilərin ambulator müalicəsi aparılır. Təkcə yaralı əsgərlərə deyil, onların və şəhidlərin də ailə üzvlərinə təmənnasız tibbi yardımlar edilir... – Haqq savaşında qətiyyətli mövqe, möhkəm siyasi iradə nümayiş etdirən ölkə başçımız, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşməklə, sarsılmaz əzmimiz, qüdrətimiz, dəmir yumruğumuzla, şanlı Ordumuzun, əsgərlərimizin rəşadəti ilə Böyük Zəfərə imza atdıq,-deyərək, köksü iftixar hissi ilə dolu olan müsahibim qürurla əlavə etdi ki, kollektivimizin üzvü, fizioterapiya şöbəsinin müdiri Tural Əliyev Şuşaya qədər şanlı döyüş yolu keçib, hazırda könüllü əsgər kimi Vətənə xidmətini davam etdirir... *** S.Becanlı digər müalicə üsullarından fərqli olaraq, xəstəliyi deyil, xəstəni müalicə edən bioloji üsullarla müalicənin əsl mahiyyətini açıqladı: – Hələ də bioloji təbabəti türkəçarə, xalq təbabəti ilə səhv salanlar var. Əslində bu, Ulu Yaradanın bizə buyurduğu təbabətdir. Çünki dünyanın əşrəfi sayılan insan orqanizmi yaradılışdan özü-özünü tənzimləmə, sağaltma, bərpa etmə qabiliyyətinə malikdir. Bioloji tənzimləyici müalicə isə orqanizmdəki bu ibtidai qabiliyyəti sanki yenidən işə salır. Müalicə zamanı digər orqan və toxumalar zədələnmir. Lakin kimyəvi dərmanlarla müalicə zamanı xəstəlik əlamətləri müvəqqəti aradan qaldırılır, gizli hala keçir və sonradan inkişaf etmiş xəstəliyin qarşısını almaq olmur. Paytaxtla yanaşı bölgələrdə də əhaliyə nümunəvi tibbi xidmətin göstərildiyini vurğulayan müsahib qeyd etdi ki, BTK nəinki Masallıda, cənub bölgəsində səhiyyə xidmətinin inkişafına böyük töhfədir. Pasientlər xroniki, çətin sağalan və ya sağalması mümkünsüz hesab edilən xəstəliklərin müalicəsində effektiv və təhlükəsiz müalicə üsulu sayılan bioloji təbabətlə müalicə metodlarının köməyilə öz sağlamlıqlarına qovuşurlar. Alman təcrübəsinin Azərbaycanda tətbiq olunması üçün BTK-da yaradılan şərait ölkənin səhiyyə sisteminin inkişafı yolunda atılan uğurlu addımlardandır. S.Becanlı klinikanın fəaliyyəti haqqında məlumat verdi: – Ümumilikdə 120-dən artıq insanın çalışdığı klinika fəqərəarası disk yırtığı, diabetik və trofiki xoralar, əlilliyə aparan artrit, artroz, skolioz, ürək damarlarının aterosklerozu, podaqra, revmatoid artrit kimi xroniki xəstəliklərin müayinə və müalicəsi üçün beynəlxalq standartlara uyğun aparatlarla təchiz olunub. Bundan əlavə burada müxtəlif xəstəliklərin diaqnostikasında istifadə edilən kompüter tomoqrafiyası (KT) müasir şüa diaqnostikasında ən informativ üsullardan hesab olunur. Klinika son model tibbi avadanlıqlarla təchiz edilib. Diaqnozun aşkar edilməsində əhəmiyyətli və müasir diaqnostikada ən informativ üsullardan hesab olunan maqnitrezonans (MRT) və komputer tomoqrafiyaları (KT), 4D rejimli ultrasəs müayinə aparatı, rentgen, qaranlıq sahəli mikroskopiya və s. pasientlərin xidmətinə verilib. Əvvəllər genetik analizlərə görə xarici ölkələrə üz tutan pasientlər üçün klinikamızda imkan yaradılıb. Tibb mərkəzində təcili tibbi yardım, cərrahiyyə, allerqologiya, andrologiya, endokrinologiya, ginekologiya, kardiologiya, nevrologiya, oftalmologiya, pediatriya, qastroenterologiya, stomatologiya, urologiya və fizioterapiya şöbələri, bu ildən isə psixoloji-nitq (loqoped) və dayaq-hərəkət inkişaf mərkəzləri fəaliyyət göstərir. Naftalan vannaları, Naxçıvan duz dağı və alman biotənzimləyici terapiyasının birgə vəhdəti müalicənin ziyansız və uzunmüddətli, daha effektli olmasını təmin edir. Dünya statistikası göstərir ki, əməliyyat zamanı ölümün 60 faizinin səbəbi sterilizasiyaya (təmizlik) ciddi riayət olunmamasıdır. Buna görə də, klinikada müasir standartlara cavab verən sterilizasiya sistemi yaradılıb, hətta əməliyyat bloku və stasionar şöbənin xarici hava ilə təması tam kəsilib. Hava xüsusi qurğular vasitəsilə təmizlənərək otaqlara verilir. Bu gün dünyanın ən aparıcı dövlətlərinin bioloji təbabətlə məşğul olmasından, eyni zamanda bu sahə üzrə dünyaca məşhur tibb alimləri ilə əməkdaşlığın aktuallığından bəhs edən səhiyyə ocağının rəhbəri bu yönümdə aparılan işlərdən danışdı: – Bildiyimiz kimi səhiyyə ocağının ən başlıca dəyəri onun tibbi personalı ilə ölçülür. Həkimlərimizin əksəriyyəti Almaniyada təhsil alıb, orada təcrübə keçiblər. Çünki alman təcrübəsi görmədən BTK-da işləmək qeyri-mümkündür. Rəsmi distributuru olduğumuz şirkət Baden-Bade şəhərində yerləşir. Kimyəvi tərkibsiz, yəni əks təsiri olmayan homeopatik dərmanlarımız da alman istehsalıdır ki, bu preparatlar dünyanın 60-dan çox ölkəsində istifadə olunur. Hər həftənin I, II və V günləri Bakı Bioloji Təbabət Klinikasının həkimləri filialımızda pasiyent qəbulunu həyata keçirirlər. Müxtəlif xəstəliklər üzrə xəstə qəbulu keçirən xarici qonaqlar bizimlə əməkdaşlıq edib, bioloji təbabətlə müalicə üsullarının ölkəmizdə təbliğinə dəstək olurlar. Bioloji təbabət üzrə ABŞ, Almaniya, İtaliya, İspaniya, Ukrayna və s. ölkələrdən dəvət olunan yüksək dərəcəli tibb mütəxəssisləri müntəzəm olaraq həkimlərimiz üçün elmi seminar-treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, eyni zamanda xəstə qəbulunu həyata keçirirlər. Sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə bu tədbirlərin anonsu verilir. Coğrafi mövqecə əlverişli məkanda, Azərbaycanın cənub turistik bölgəsinin mərkəzində yerləşən Masallı Bioloji Təbabət Klinikası insanlara kurort-sanatoriya müalicəvi istirahət xidmətini də təqdim edir. Nəinki respublikamızın, dünyanın 50-ə yaxın bölgəsindən bu tibb mərkəzinə müraciət edən pasiyentlərin xəstəliklərinin müalicəsində biotənzimləyici üsullarla uğurlu nəticələr əldə olunur. Şəfaverici Naftalan vannaları (15 may - 15 sentyabr), Naxçıvan duz dağı mineralları (ilboyu), alman biotənzimləyici terapiyası və füsunkar təbiətin möhtəşəm vəhdəti hər mövsümdə insanların mükəmməl müalicə və xoş istirahətini təmin edir. Sanator-kurort tipli klinikanın münasib qiymətlərə təqdim etdiyi müalicəvi-istirahət paketləri palata və ya oteldə yaşayış seçimlərini, balanslı qidalanma, gündəlik müayinə, prosedurları və s. özündə əks etdirir. Müsahibimdən öyrəndim ki, BTK-da vaxtaşırı olaraq ödənişsiz müayinə günləri təyin olunur, humanitar aksiyalar keçirilir. Müəyyən olunan vaxtlarda müəllimlər üçün müayinələr 20 faiz endirimlə aparılır, onlara müvafiq tövsiyələr verilir. *** Gözəgörünməz düşmən – koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları da həkimlərdir. COVİD-19 infeksiyasının yayıldığı ilk günlərdən insanların köməyinə çatan, onları bu bəladan xilas etməyə çalışan fədakar həkimlərimiz... Əgər bu tibb mərkəzindəki xidmət personalı, yaradılan şərait yüksək olmasayadı, klinikadakı rahatlıq da hiss olunmazdı. Məncə pasientlər də etiraf edərlər ki, keyfiyyətli müayinə-müalicə, yüksək səviyyədə görülən işlər nəticəsində onlar burada özlərini komfortlu hiss edirlər. Məhz yuxarıda sadalanan müsbət amillərə görə öz işini məsuliyyətlə yerinə yetirən klinika əməkdaşları insanların inam və güvənini qazanıblar. Bu çətin və təhlükəli dönəmdə Masallı Bioloji Təbabət Klinikası kollektivinin timsalında hər bir tibb işçisinə şərəfli, məsuliyyətli peşələrində səbrli, güclü olmağı arzulayır, göstərdikləri cəsarət və fədakarlığa görə onları alqışlayırıq. AKİF AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |