Главная > Səhiyyə > Masallıda sağlamlıq imkanları məhdud olan qazi və imkansız ailələrə arabalar paylanıb

Masallıda sağlamlıq imkanları məhdud olan qazi və imkansız ailələrə arabalar paylanıb


17-01-2022, 18:13. Разместил: yeni321
Masallıda sağlamlıq imkanları məhdud olan qazi və imkansız ailələrə arabalar paylanıb 

Masallı Bioloji Təbabət Klinikasının akt zalında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının, şəhid ailələrinin, qazilərin və media nümayəndələrinin iştirakı ilə sağlamlıq imkanları məhdud olan qazi və imkansız ailələrə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad etməsini qeyd edərək, bu gün üçrəngli bayrağımızın Qarabağda dalğalandığını qeyd edib. O, Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirib, onların ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atıldığını diqqətə çatdırıb. Eyni zamanda, qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərməyin hər bir azərbaycanlının borcu olduğunu, “Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərçivəsində Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Dərnəyi” və “Kros Medical” tərəfindən ehtiyacı olan qazilərə və şəhid ailələrinə verilməsi üçün mexaniki əlil arabaları gətirildiyini qeyd edib. Belə nəcib təşəbbüsə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkür edən cənab Ş.Məmmədov onun hələ 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.
İlhan Aşkın əvvəlcə rəhbəri olduğu Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İ.Aşkın bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatdırılmasını təmin edən "Kros Medical"a, “Yardım Yolumuz”a, “Qırmızı ürəklər” Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığını bildirib.
Sonra arabalar Viləş kəndindən olan Vətən müharibəsi əlili İdrak Valeh oğlu Abuşova, Təzə Alvadı kəndindən olan Vətən müharibəsi əlili Məmməd Vahid oğlu Səlimova, mülki şəxslər - Abdulbağı Abdullayevə (Göyəçöl kəndi) və Pərvin Abuşovaya (Masallı şəhəri, qardaşına çatacaq araba)  paylanılıb.
Qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə dövlətimizin başçısına və birinci xanıma, icra başçısına, həmçinin belə nəcib təşəbbüsə görə zəhməti keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Masallı Bioloji Təbabət Klinikasının direktoru Qüdrət Yaqubov Beynəlmiləlçi Əlil Döyüşçülər fondunun direktoru tərəfindən şəhid ailələri, müharibə əlilləri və veteranlara göstərdiyi diqqət və qayğıya görə Fəxri fərmanla təltif edilib.
Sonda tədbir iştirakçıları Masallı şəhərinin Qəhrəmanlar parkında «Şəhidlər abidə-kompleksi»ni ziyarət ediblər.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад