Главная > Səhiyyə > Aparılan monitorinqlər zamanı çöl və ev quşlarında yüksək patogen quş qripinə rast gəlinməyib
Aparılan monitorinqlər zamanı çöl və ev quşlarında yüksək patogen quş qripinə rast gəlinməyib24-02-2022, 09:59. Разместил: admin44 |
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyi və müxtəlif ərazilərimizdə onların daimi və müvəqqəti məskənlərinin olması nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə dövri olaraq epizootoloji monitorinqlər keçirilir. Respublika ərazisini həmin xəstəlikdən qorumaq məqsədilə 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında epizootoloji monitorinqlərin keçirilməsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb. 2022-ci il fevralın 7-dən 11-dək təşkil olunmuş epizootoloji monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 46 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Həmin müddətdə Bakı şəhəri, Abşeron, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Masallı, Cəlilabad, Beyləqan və İmişli rayonlarındakı 12 sənaye əsaslı iri və kiçikhəcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 353 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçikhəcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur. www.yeniheyet.az Вернуться назад |