Главная > Səhiyyə > “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfransı keçiriləcək

“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfransı keçiriləcək


10-03-2022, 23:08. Разместил: admin44

Martın 11-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfransı keçiriləcək.

Milli Oftalmologiya Mərkəzində keçiriləcək konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Konfransda “Pediatrik qlaukoma – 14 ilin nəticələri”, “Uşaqlarda steroid qlaukoması”, “Qlaukoma drenaji implantasiyasından sonra rast gəlinən fəsadlar”, “COVID-19-un gözdaxili təzyiqə təsiri. Kliniki müşahidə”, “Yüksək dərəcəli miopiyalı xəstələrdə qlaukoma” və s. mövzularında çıxışlar dinləniləcək. Konfransda Türkiyədən, regionlardan, digər təşkilat və mərkəzdən həkim heyəti iştirak edəcək.

Qeyd edək ki, qlaukoma gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” olaraq adlandırılan qlaukoma dünyada 80 milyona yaxın insana təsir etmiş göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir.

Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxtda və regionlarda keçirilən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq və elmi konfranslar buna nümunədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə, Masallı, Şəki filialı ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş cərrah-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад