Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
- 18-12-2020, 18:30
- Siyasət
- 0
- 408
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasının koronavirus səbəbindən videokonfrans formatında keçirildiyini vurğuladı, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı.
Sonra MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
-Hörmətli həmkarlar.
Gündəlikdə razılaşdırdığımız kimi, indi icazə verin çıxış üçün Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə söz verək. Buyurun, İlham Heydər oğlu.
Dövlətimizin başçısı iclasda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Şavkat Miromonoviç, hörmətli dövlət başçıları.
İlk növbədə, bu Zirvə görüşünün, bizim iclasın təşəbbüskarı olan Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə MDB Dövlət Başçıları Şurasının sədri qismində fəal işinə görə təşəkkürümü bildirmək istərdim.
Başa çatmaqda olan ilin dünyada əsas mövzusu pandemiyaya qarşı mübarizə olub. Bizim regionda əsas mövzu Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatlar idi. Buna görə də nələr baş verməsi və gələcəkdə nə etməyi planlaşdırmağımız barədə informasiyanı və bu haqda öz təsəvvürlərimi həmkarlarımla bölüşmək istərdim.
Pandemiyaya qarşı mübarizəyə gəldikdə, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb. Qısa müddətdə 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq. Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub.
Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının sədri olan ölkə kimi bu mövzunu daim diqqət mərkəzində saxlayırdı. Biz həmişə bütün beynəlxalq forumlarda deyirdik ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək. Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi. Biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir.
Haqqında söhbət açmaq istədiyim ikinci mövzu Azərbaycan ilə Ermənistan arasında müharibə məsələsidir. Bu müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb. Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, bizim səylərimiz, o cümlədən vəziyyətin informasiya təminatı ilə bağlı səylərimiz sayəsində Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq.
Baş verənlər barədə həmkarlarımı qısaca məlumatlandırmaq istərdim. Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.
Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində, təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar. Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı.
Məlum olduğu kimi, 2019-cu ilə qədər danışıqlar prosesi imitasiya şəklində olsa da davam etdiyi halda, 2019-cu ildən başlayaraq bu proses, əslində, dayanmışdı. ATƏT-in Minsk qrupunun nümayəndələri ilə mənim çoxsaylı görüşlərim, əslində onu göstərdi ki, vasitəçilərin bu prosesi irəlilətmək barədə xüsusi yeni ideyaları yoxdur. Çünki Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi – status-kvonu saxlamaq üçün əllərindən gələni edirdilər, xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular. Bu, Cenevrə konvensiyalarına görə hərbi cinayətdir. Beləliklə, Ermənistan rəhbərliyi 2019-cu ildən etibarən yeni taktikaya əl atmağa başladı. Əslində, bu, danışıqlar prosesini pozmağa yönəlmiş imitasiyasından imtina demək idi. Mənim bu sözlərimin təsdiqini həm Ermənistanın ali hərbi-siyasi rəhbərliyinin rəsmi bəyanatlarında, həm də onların təxribatçı hərəkətlərində tapmaq olar. Yalnız bir neçə misal gətirəcəyəm. Zənnimcə, bu misallar mənim sözlərimin təsdiqi baxımından hamınız üçün çox əyani olacaq. Beləliklə, Ermənistanın müdafiə naziri, artıq keçmiş nazir, Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən açıq bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Əslində, Ermənistanın ali hərbi rəhbərinin bu bəyanatı Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə açıqlayır. Görünür, milyonlarla azərbaycanlıya əzab-əziyyət vermələri onlar üçün kifayət deyilmiş, onlara hələ yeni ərazilər də lazım imiş. Bu, istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından yolverilməzdir. Özü də bu bəyanat məhz ABŞ-da verilmişdi. Bu, yeganə bəyanat olub, daha belə bəyanat olmayıb, amma hər halda, bu bəyanat olub.
Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində, pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək onun dediyi kimi əgər “Qarabağ Ermənistandır”sa, onda danışıqlar aparmağa mövzu yoxdur. Ona görə ki, masa üzərində Minsk qrupunun həmsədrləri tərəfindən işlənib hazırlanmış, Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən danışıqlar üçün əsas kimi qəbul edilmiş Madrid prinsipləri vardı. Həmin prinsiplərdə açıq-aydın göstərilmişdi ki, işğal edilmiş bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Buna görə də həmin bəyanatlar və bir sıra başqa bəyanatlar, - mən sadəcə olaraq, həmkarlarımın vaxtını çox almaq istəmirəm, - onu göstərirdi ki, Ermənistan danışıqları qəsdən pozur.
Daha sonra, bizə məlum idi ki, Ermənistan rəhbərliyi uzun illər boyu işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə çalışıb. Bu, hərbi cinayətdir, lakin insan və maliyyə resursları olmadığına görə onlar bu niyyətini tam həcmdə həyata keçirə bilmirdilər.
Ermənistanın indiki rəhbərliyinə gəldikdə isə onlar bütün istiqamətlər üzrə öz siyasətinin həyata keçirilməsində daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə, Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdılar. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi. Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi. Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.
Mən Azərbaycan xalqına müraciətlərimdən birində müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə ətraflı danışmışam, odur ki, bu informasiya əlçatandır. Kimlərə maraqlıdırsa bu informasiyanı açıq mənbələrdən əldə edə bilərlər. Hərbi xarakterli provokasiyaya gəldikdə, bu il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır. O vaxt Ermənistan qoşunları Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdilər. Bu, tamamilə əsassız təxribat idi. Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi. Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması sadəcə gülünc idi. Bəlkə çoxları unudub, sadəcə, xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə - “UAZ” avtomobilində başlamırlar. Təəssüf ki, həmin adamlar erməni təcavüzünün qurbanı oldular. Deməliyəm ki, hərbi toqquşma bir neçə gün davam etdi və mən o vaxt bəyan etmişdim ki, bizim Ermənistan dövlətinin ərazisinə girmək barədə heç bir planımız olmayıb və yoxdur. Əgər belə planlar olsaydı, onda Tovuz istiqamətində bunu etmək çox asan idi, çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib dayandıq.
Sonra növbəti təxribat oldu. Çoxsaylı erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu qoşunların təmas xətti zonasında Goranboy rayonuna girməyə cəhd etdi. Qrupun başçısı saxlanıldı, onun verdiyi ifadələr göstərir ki, bu, Azərbaycan ərazilərinin dərinliyində terror aktı törədilməsinə yönəlmiş və qəsdən təşkil olunmuş təxribat idi. Nəhayət, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrinə hücum etdilər. Elə ilk saatlarda bizim dinc əhali və hərbi qulluqçular arasında qurbanlar oldu. Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürüldü, 400-dən çox dinc sakin yaralandı, 5 mindən çox ev tamamilə dağıdıldı və ya ciddi zədə aldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncə şəhərinə hücum etdilər, Qəbələ, Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən Siyəzən, Xızı şəhərlərinə ballistik raket zərbələri böyük tələfata səbəb oldu. Başqa sözlə desək, dinc əhalini məhv etməyə və beləliklə, günahsız insanları öldürməklə təşviş yaratmağa yönəlmiş hərəkətlər və ermənilərin döyüş meydanında məruz qaldığı itkiləri bir növ kompensasiya etmək cəhdləri göstərilirdi.
Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi.
Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin fəal iştirakı ilə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatın mətni dərc edilib və əminəm ki, həmkarlarım bu mətnlə tanış olublar. Orada çox mühüm bəndlər var. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib. Onu da deməliyəm ki, fəal hərbi əməliyyatlar dövründə mən Vladimir Vladimiroviç Putinlə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmişə əlaqə saxlayırdım. Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi.
Münaqişə başlanandan bəri xarici jurnalistlərə çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə deyirdim ki, Ermənistan tərəfi bizim ərazilərdən çıxacağı tarixi deyən kimi, istənilən anda biz dayanmağa hazırıq və bunu açıq deyirdim. Belə də oldu. Bəyanatda üç rayonun bizə qaytarılacağı tarix qrafik üzrə göstərilən kimi hərbi əməliyyatlar dayandırıldı. Buna görə fürsətdən istifadə edib Vladimir Vladimiroviç Putinə bu məsələyə göstərdiyi diqqətə və münaqişənin, o cümlədən siyasi metodlarla həll edilməsində fəal iştirakına görə bir daha təşəkkür etmək istərdim. Sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək, deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla həll edildi. Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar bu məsələdən bir növ kənarda qaldıqlarına görə narazı idilər. Onlar narazıdırlar ki, atəşin dayandırılmasında aparıcı rolu Rusiya oynayıb. Hər vasitə ilə çalışırdılar və təəssüf ki, indiyə qədər çalışırlar ki, Ermənistan cəmiyyətində müəyyən iğtişaşlar törətmək və əslində, bu bəyanatı pozmaq üçün müəyyən qarışıqlıq yaratsınlar. Xüsusən Ermənistanda vəziyyətlə bağlı müxtəlif vasitələrdən, Ermənistanda yaradılmış müxtəlif infrastrukturlardan, o cümlədən Soros infrastrukturundan istifadə etsinlər. Bunun, ilk növbədə, Ermənistan tərəfi üçün nə qədər məhvedici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir. Buna görə mən Vladimir Vladimiroviçə münaqişənin həllində bu cür fəal iştirakına və böyük töhfəsinə görə bir daha təşəkkür etmək istərdim. Mən Vladimir Vladimiroviç Putinlə tam razıyam ki, Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir. Hesab edirəm ki, regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq.
Mən Rusiya Federasiyasının sülhməramlı missiyası barədə də danışmaq istərdim. Bu da bəyanatın bir hissəsidir. Missiya çox uğurla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir. Bəyanatın imzalanmasından ötən ay yarıma yaxın vaxt ərzində atəşkəsin pozulması ilə bağlı bir insident olub və bizdə olan məlumata görə bu, Ermənistanın hakimiyyət orqanlarının nəzarəti altında olmayan qondarma könüllülər, əslində isə Azərbaycan Ordusunun mövqelərinin arxasında gizlənmiş yaraqlılardan ibarət qruplar tərəfindən təşkil edilib. İnsident bircə gün ərzində aradan qaldırılıb, atəşkəs rejimi saxlanılır və düşünürəm ki, bu rejim günbəgün daha da möhkəmlənəcək. Onu da qeyd etmək istərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.
Reqlamentdən bir qədər kənara çıxdığıma görə həmkarlarımdan üzr istəyirəm. Lakin bu çox mühüm mövzudur ki, mən daha bir neçə söz deməli idim. Orada hazırda nələr baş verməsinə gəldikdə isə, Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir. O da artıq yoxdur. Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Lakin ermənilərin oradan çıxmalı olduğu 20 günlük və ya 15 günlük müddətdə - noyabrın 10-dan dekabrın 1-dək ermənilər həmin binaları yandırıb və dağıdıblar. Onlar hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə köçmüşdülər. Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar. Ona görə də bu vandalizm, təəssüf ki, indiyə qədər davam edirdi.
İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik. İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik.
Reqlamenti pozduğuma görə bir daha üzr istəyirəm və diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: Səmimi sözlərinizə və bizim sədrliyimizə verdiyiniz yüksək qiymətə görə sağ olun, İlham Heydər oğlu.
Həqiqətən, Sizin indicə qeyd etdiyiniz kimi, pandemiya ölkələrimiz üçün ciddi sınaq oldu. Bu sahədə sıx əməkdaşlıq etməyin zəruri olması barədə Sizinlə razıyam. Əlbəttə, Siz dinc əməkdaşlıq və gələcək qarşılıqlı fəaliyyət məsələləri barədə çox ətraflı danışdınız. Əlbəttə, biz də hər şeyi müşahidə edirik, hər şeyi görürük və Sizin sözlərinizin çoxu təsdiqlənir, ona görə ki, biz özümüz də bunların şahidləri olmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bütün səyləri bundan sonra da dəstəkləməyə hazırıq.
XXX
Sonra təşkilata üzv ölkələrin dövlət başçıları çıxış etdilər, qarşılıqlı əməkdaşlıq, gələcək planlar, ümumi çağırışlara qarşı birgə mübarizə barədə fikirlərini bildirdilər.
İclasın sonunda 2021-ci ildə MDB-yə sədrlik Belarusa keçdi. Diqqətə çatdırıldı ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının növbəti iclası 2021-ci ilin oktyabrında Minskdə keçiriləcək.