Главная > Siyasət / Mədəniyyət / Manşet > “OĞUL ARXALI VƏTƏN”

“OĞUL ARXALI VƏTƏN”


23-11-2017, 15:20. Разместил: yeni321
 
 
    

                                       “OĞUL ARXALI VƏTƏN”

                 
  Vətən şəhidləri haqqında çox kitab yazılıb. Hər biri tarixi mənbədir. Nə qədər yazılsa, azdır. Hamısı da oxucular tərəfindən maraqla qarşılanır, böyük həvəslə oxunur. Oxuduqca şəhidlərimiz və valideynlərilə bir daha qürur duyursan. Qürurlanırsan ki, tarixi qəhrəmanlığımız özümüzə qayıdır...
 “Qızıl qələm” media mükafatı laureatı, yazıçı-publisist Rəsul Rzayevin oxucularla 21-ci görüşü – yenicə çapdan çıxmış “Oğul arxalı vətən” kitabı (Bakı, "Elm və təhsil". 2017) da Azərbaycanın ərazi bütövlüyü uğrunda, Qarabağ döyüşlərində şəhid olmuş həmyerlimiz Aqil Qismət oğlu Məlikova (12.08.1990 -15.11.2016) həsr olunub.
 Aqilin qısa, şərəfli döyüş yolundan bəhs edən kitaba şəhidin doğmalarının, müəllimlərinin, döyüş dostlarının xatirələri, eləcə də igid qəhrəman haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələr, şeirlər daxil edilib.
 Aqil Məlikov Böyük Xocavarda, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Kənd orta məktəbini bitirib. 2008-ci ildə Masallı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. İlk gündən komandirlərin, əsgər yoldaşlarının dərin hörmətini qazanıb. 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. Elə həyat yolunu da Naxçıvanda hərbi xidmət zamanı müəyyənləşdirib. Xidmətdən sonra gizirlik məktəbini bitirib. Düşünüb ki, nə qədər torpaqlarımız düşmən tapdağındadır silahı yerə qoymaq olmaz. Könüllü olaraq 2011-ci il martın 12-dən Füzuli rayonu «N» saylı hərbi hissədə xidmətini gizir kimi davam etdirib. 6 ilə yaxın gizir kimi cəbhə bölgəsində xidmət edib. Qısa vaxtda bacarıqlı, səriştəli hərbçi olduğunu sübuta yetirib. Neçə-neçə döyüşdə iştirak edib. Hər dəfə ermənilər növbəti təxribat törədəndə Milli Ordumuzun giziri də düşmənə həddini göstərib.  
 2016-cı il noyabrın 15-də cəbhənin Füzuli rayonu istiqamətində təxribata əl atan ermənilərə tutarlı cavab verən dəstədə Aqil də igidlik göstərib. Həmin döyüşlərdə namərd gülləsinə tuş gələn eloğlumuz qəhrəmanlıqla həlak olub.
 Böyük Xocavar kəndində torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
 Cəbhənin ən çətin və mürəkkəb istiqamətində igidlik nümunələri çox olub Aqilin. Bu, kitabda da öz əksini tapıb. Şəhid gizirin qəhrəmanlığı haqqında döyüş dostunun yazdığı xatirə xüsusi yer tutur. Cəbhədaşı Üzeyir Nəcəfovun xatirələrində deyildiyi kimi, snayper tağımının komandiri Aqil Aprel döyüşlərində də igidliyi, cəsarətilə fərqlənib: ”... Ermənilərin “Satko” markalı avtomobili göründü. Məsafə 1300 metr idi. Sərrast atəş açmaq lazım idi. Aqilin nişan alaraq atəş açması ilə düşmən maşını yoldan çıxaraq dərəyə yuvarlandı. Sonuncu dəfə onu Lələtəpə əməliyyatında gördüm. Aqil təpənin sağ tərəfində yerləşən qəbiristanlıqda mövqe tutub sərrast atəşlə düşmənə zərbələr vururdu. Onların atəş nöqtələrini susdururdu...”
  Müəllif xatirələr, şeirlər işığında qəhrəmanın keçdiyi yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıb. Sonuncu dəfə aprelin 21-də beş günlük ezamiyyət götürüb kəndə gəlib. Dünyasını dəyişmiş anasının məzarını ziyarət edib, halallıq alıb:                                                                                                                                                                                                       


Laylam halaldı sənə,
Südüm halaldı sənə,
İgid oğul, ər oğul,
Aman vermə düşmənə!


Amma evdə cəmi iki gün qalıb. Özünün dediyi kimi - “Qurani-Kərim”i oxuyub, namaz qılarkən mənən rahatlanan Aqil evdə rahatlıq tapa bilməyib. “Mən əsgərlərin yanında olmalıyam” deyərək hərbi hissəyə qayıdıb:


Əlimdəki silahı,
Hələ yerə qoymaram.
 

Silahı yerə qoymaq,
Mənə haramdır, haram!


Həyatını büsbütün Vətənə həsr edən fədainin amalı, əqidəsi işğalda olan torpaqların azadlığı idi.
Kitabdakı digər şeir nümunələri də şəhid Aqilin real obrazını – vətənsevər xarakterini, şəxsi keyfiyyətlərini oxucunun gözləri önündə canlandırmağa imkan verir:


Dərdim Dədəm Qorqud dərdi,
Dərdim əbədi yurd dərdi.
Mən o yağı işğalçını,
Yaş islatdım, quru sərdim
Qarabağda!
 
Canım qurban bu Vətənə,
Qan uddurduq biz düşmənə,
Bu vuruşda candan keçdim,
Bayrağımdır kəfən mənə
Bu torpaqda!


Kitaba kəşfiyyatçının müxtəlif illərdə çəkdirdiyi, eləcə də döyüş və ictimai-siyasi hazırlığına, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə, igidliyinə, “Ən yaxşı snayperçi” və s. görə aldığı Fəxri fərman və təltiflərin, onun xatirəsinə həsr olunmuş anım tədbirlərinin lentə alınmış şəkilləri də əlavə edilib.
AJB-nin üzvü Vidadi Nəzərovun redaktoru olduğu kitab ilkin olaraq, 250 nüsxə tirajla “Elm və təhsil” mətbəəsində çap edilib. 4 bölümdən ibarət “Oğul arxalı vətən” kitabı igid Aqilin adının əbədiləşdirilməsilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində diqqətəlayiq əyani vəsaitdir.
Rəsul Müzəffəroğlunun təkcə bu kitabında deyil, Azərbaycanın Milli Qəhrəmanları Elşad Hüseynov, Səfəralı Məmmədov, şəhid Rövşən Nəbiyev kimi qəhrəman oğullarımıza həsr etdiyi poemalarda da mənəvi ömrə qədəm basan Aqillərin poetik obrazı ilə ağır imtahanlardan şərəflə çıxan Azərbaycan dövlətinin, Vətənimizin qalibiyyətinə əminlik ifadə olunur.
Bəli, müəllif haqlıdır – Aqilləri olan məmləkət qalib gələcək!


                                                                                                                          Akif VAQİFOĞLU,
                                                                                                                          jurnalist-publisist.
шаблоны для dle 11.2
Вернуться назад