Главная > Siyasət > Masallı RİH başçısının Çaxırlı ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Çaxırlı ərazisində səyyar görüş-qəbulu


10-10-2018, 15:18. Разместил: admin44

 
Masallı RİH başçısının Çaxırlı ərazisində səyyar görüş-qəbulu 

Oktyabrın 10-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Çaxırlı kəndində keçirilən görüş-qəbulunda rayonun idarə və müəssisə təşkilatlarının rəhbərləri, ərazi sakinləri iştirak edirdi. Görüşü giriş sözü ilə açan RİH başçısı R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin Çaxırlı ərazisində də uğurla davam etdiyini bildirib dedi:
– Çaxırlının abadlıq ab-havasında dəyişiklik sevindiricidir. Kəndinizin rahat asfalt yolu var. Küçə işıqları çəkilib, bir sıra infrastruktur layihələr həyata keçirilib.
Bu gün Azərbaycanın hər guşəsinin ölkə Prezidentinin diqqətində olduğunu vurğulayıb, Masallının inkişafını, tərəqqisini misal gətirdi. Yol infrastrukturuna diqqəti cəlb edən natiq rayonun ucqar kəndlərini birləşdirən yeni asfalt yollardan  danışdı. Dedi ki, 7 kilometr uzunluğu olan Bakı prospektinin yenidən qurulması, burada işıq sistemi yaradılması, səkilərin hazırlanması, eləcə də şəhərin Seybətin, Digah, İskəndərli massivlərindəki küçələrin böyük bir hissəsinin asfaltlaşdırılması, Kosakül yolunun yenidən qurulması və s. yol infrastrukturunun yeniləşməsidir. Şəhər içməli su ilə təmin olunub. Kanalizasiya xətti işləyir. Muğan zonası kəndlərinə içməli su çəkilir. Rayonun kəndlərində qazlaşma 95 faizə çatıb. Masallıda təhsil ocaqlarının 50 faizi, mərkəzi rayon, 2 sahə xəstəxanası yenidən qurulub. Əksər kəndlərdə həkim məntəqəsi tikilib.
Diqqəti rayonun geniş turizm imkanlarına cəlb edən natiq bu sahəni iqtisadiyyatın bir qolu kimi dəyərləndirib bildirdi ki, beynəlxalq turizm üçün bütün infrastruktur yaradılıb. Şəhərcik salınır, kadr hazırlanır, turizm zonasına yol və s. var. Masallının sənaye potensialının bölgədə daha çox payı olduğunu  diqqətə çatdıran sözçü bütün ehtiyat və resurslardan istifadə etməklə onu artırmaq yollarından danışdı. Bildirdi ki,  Masallıda  Regional Sənaye Məhəlləsinin yaradılması bu sahədə inkişafı təmin edəcək. Bir neçə ildən sonra burada fabriklər, zavodlar yaradılacaq.
Rayon rəhbəri təsərrüfatı geniş təhlil etdi. Ərazidəki torpaqların daha münbit olduğunu bildirdi. Təsərrüfatın inkişafı istiqamətində tövsiyələr verdi. Xüsusilə kooperasiya halında birləşməyin üstünlüyündən,torpaqlardan daha səmərəli istifadə edilməsindən, ikinci əkinin mümkünlüyündən danışıb misallar gətirdi.
Görüşdə ərazidə yaradılmış “Cənub” və “Bahar” qadın inkişaf qruplarının rəhbərləri Səadət Rufullayeva və Tamamzər Behbudova başçılıq etdikləri kollektivin işindən danışıb göstərdilər ki, burada 26 qadının işlə təminatına şərait yaradılmışdır. “Cənub” qrupunun çörək və şirniyyat sexlərində 11 qadın çalışır. Bişirdikləri məmulatlar Çaxırlı və ətraf kəndlərin mağaza və dükanlarına, məktəblərə göndərilir. Bələdiyyə binasında yerləşən tikiş sexində 15 qadın işləyir. Balışüzü, döşəküzü və s. məişətdə işlənən yataq dəstləri hazırlayırlar. S.Rufullayevanın sex üçün torpaq ayrılması, xəmiryoğuran avadanlıq alınması, T.Behbudovanın tikiş sexi üçün yeni maşın alınması, onlara istixana verilməsinə kömək xahişlərinə rəğmən rayon rəhbəri tapşırıqlar verdi. Elə buradaca hər iki sexin məşğulluq proqramına daxil edilməsi, kurslar təşkil edilməsi məsləhət görüldü. Qadın qruplarının rəhbərlərinin məktəb və uşaq bağçası tikilməsi ilə əlaqədar təkliflərinə də münasibət bildirildi.
Akif Behbudov dedi ki, transformator xarab olduğundan üç gündür ki, İmanlı və Sarıcəfərli kəndlərinin bir hissəsinə işıq verilmir. Rayon rəhbəri təcili olaraq bu halın aradan qaldırılması üçün tapşırıq verdi. Şakir Bağırov kənd yolunun asfaltlaşdırılması üçün rayon rəhbərinə minnətdarlıq bildirdi. Təklif etdi ki, bu yolda ağır yüklü maşınların hərəkəti məhdudlaşdırılsın. QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov ərazidə görülən abadlıq və quruculuq  işlərindən danışıb ölkə rəhbərinə minnətdarlıq etdi. Sözçü qazın təzyiqinin az olduğunu nəzərə çatdırdı. Bu istiqamətdə də tapşırıqlar verildi.
Kamal Təhməzov, Abuş Seyfullayev, Sara Nəbiyeva və digərlərinin müraciətlərinə münasibət bildirildi. Çıxışlarda ərazi sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq etdilər.
Görüşü yekunlaşdıran RİH başçısı Rafil Hüseynov qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon rəhbəri tikiş sexində oldu, işin gedişi ilə maraqlandı.
                                                                         
“Yeni həyat”,
www.yeniheyet.az 
 

шаблоны для dle 11.2
Вернуться назад