Главная > Siyasət > Masallı davamlı inkişaf yollarında
Masallı davamlı inkişaf yollarında13-02-2019, 15:21. Разместил: yeni321 |
Masallı davamlı inkişaf yollarında 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı olub. Toplantı iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyublar. Keçən ilki sosial-iqtisadi inkişafı əks etdirən sənədli film nümayiş etdirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi deyib ki, müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda bütün regionlarımızda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 11 yanvar 2019-cu il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. R.Hüseynov qeyd edib ki, Masallıda da 2018-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur. Xüsusilə də bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə əlamətdardır. Ölkə başçısının Masallıya səfəri hər birimizdə böyük sevinc və qürur hissi yaratmışdır. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra obyektlərin açılışında iştirak etmişdir. Masallı Sənaye Məhəlləsi, “Masallı nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilmişdir. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirmişdir. Sahibkarlar ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Park-Bulvar Kompleksinin tikintisi ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən ilkin olaraq yatağın beton məcraya salınmış 591 poqometrlık sağ və sol hissəsində torpaq materialının əraziyə daşınması və relyefin ümumi hamarlanması işləri görülmüş, 2 hissədə yağış sularının kənarlaşdırılmasından ötrü drenaj şəbəkəsi qurulmuş, ərazidən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin və rabitə xəttinin yerləri dəyişdirilmiş, körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri yekunlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 sentyabr 2018-ci il tarixdə Masallı rayonuna səfəri zamanı çay yatağının şəhər ərazisindən keçən hissəsində tikintisinə başlanılmış Park-Bulvar Kompleksi ilə tanış olmuş, görülən işləri yüksək qiymətləndirərək tikinti-quraşdırma işlərinin tam başa çatdırılmasından ötrü müvafiq tapşırıqlarını vermişdir. Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.Hesabat ilində 96 şagird yerlik Xallıcallı və 80 şagird yerlik Təkdam kəndlərində modul tipli məktəblərinin tikintisi başa çatdırılmış, Gəyəçöl, Şıxlar və Bala Təklə kəndlərində isə məktəblərin tikintisi davam etdirilir. Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin maddi texniki bazasının acınacaqlı vəziyyətdə olması nəzərə alınaraq son yeddi ildə bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində ümumilikdə 23 səhiyyə müəssisəsi yenidən qurulmuş, o cümlədən hər biri 15 çarpayı yerlik Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilmişdir. Bundan əlavə müxtəlif kəndlərdə 19 həkim və tibb məntəqəsi yenidən tikilərək istifadəyə verilmiş, yaxın günlərdə isə Lürən həkim məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Hesabat ilində də bu istiqamətdə işlər davam etdirilmişdir. Belə ki, 240 çarpayı yerlik rayon Mərkəzi Xəstəxanası ən müasir səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9145 sayğac quraşdırılmışdır.Muğan zonasında yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılmışdır. Belə ki, hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərində su xətləri çəkilmiş və layihəyə uyğun bulaqlar quraşdırılmışdır. Əlavə olaraq bu il 13 kəndə suyun verilməsi nəzərdə tutulur. Masallıda son illər sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. “Tüklə” yarımstansiyaları istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində cari ildə 460 abonent olan Güllütəpə və 324 abonent olan Tatyan kəndləri qaz xəttinə qoşulmuşdur. Bununla da rayon üzrə qaz alan abonentlərin sayı 39458-ə çatmışdır. Bu da ümumi abonentlərin 96 %-i deməkdir. Masallıda 103 yaşayış məntəqəsindən 90-ı qazlaşdırılmış və qaz almayan 13 yaşayış məntəqələri barədə məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və “Azəriqaz” İB-ə təqdim edilmişdir. Məruzəçi qeyd edib ki, son yeddi ildə rayon üzrə ümumilikdə 4095 şagird yerlik 28 məktəb binası, 23 səhiyyə müəssisəsi, 10 bağça, 4 idman obyekti, 7 mədəniyyət obyekti, 2 poçt filialı, 3 telekommunikasiya müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu dövr ərzində rayon üzrə 90 kilometr yola asfalt döşənmiş, 103 yaşayış məntəqəsi üzrə qaz alan abonentlərin sayı 39458 nəfərə çatdırılmışdır. Bu dövr ərzində əhalini dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin və bir çox kəndlərin elektrik xətt təsərrüfatı yenidən qurulmuş və abonentlər “Smart” tipli sayğaclarla təmin olunmuşdur. Hazırda rayon üzrə 45320 nəfər abonent elektrik enerjisindən istifadə edir. Son yeddi ildə Masallı şəhərində küçələrin sayı 15-dən 115-ə çatdırılmış və əksər küçələrdə təmir işləri aparılmışdır. Belə ki, küçələrdə 36450 poqometr bordür düzülmüş, piyada səkilərinə 57.000 kvadratmetr plitə döşənmiş, 320.000 kvadratmetr asfalt vurulmuş, 1600 ədəd müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Bundan əlavə şəhər ərazisində 9 inzibati bina, 3 idman, 6 mədəniyyət obyekti tikilmişdir. Eyni zamanda 1 məktəb, 1 bağça, həmçinin Mərkəzi rayon xəstəxanası əsaslı təmir edilmiş, 2 bağça üçün yeni bina tikilmişdir. Bu dövr ərzində şəhər ərazisində Heydər Əliyev Parkı və “Qəhrəmanlar parkı” yenidən qurulmuş, Bayraq meydanının tikintisi başa çatdırılmışdır. Şəhər ərazisində yerləşən 73 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri yekunlaşdırılmış, rayonun müxtəlif ərazilərində 24 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə ümumilikdə 302 kilometr uzunluğunda kəndarası yollarda təmir işləri aparılmış, Şərəfə, Türkoba, Xıl, Gəyəçöl, Səmidxan, Miyankü, Böyük Xocavar və Babaser kənd həkim məntəqələri, Sərçuvar kənd uşaq bağçası, Əmirtürbə, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Bundan əlavə Kolatan kəndində inkubator tikilmiş, Sığdaş, Xəlfələr, Abasbəyli kəndlərində su xətləri çəkilmiş, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində ümumilikdə 17500 metr suvarma kanallarında təmizlik işləri həyata keçirilmişdir. Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 842.2 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz artaraq 56.2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 16.1 faiz artaraq 161.8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0.7 faiz artaraq 86.1 milyon manat olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallıda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 18 layihə üzrə 374 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 65 yeni iş yerinin açılmasına səbəb olmuşdur. Keçən il Masallıda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə rekord həddə - 16,1 faiz artaraq 161,8 milyon manata çatmışdır. 225 min sakini olan Masallıda əhalinin 90 faizə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Masallı rayonunda 2018-ci ildə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Hal-hazırda rayonumuzda ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrin genişləndirilməsi və aqrar sahədə kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2018-ci ildə 2019-cu ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 17478 hektar sahədə şum vurulmuşdur. Hal-hazırda payızlıq əkinlərdən buğda 7495,5 hektar, arpa 2786 hektar, vələmir 2661 hektar, sarımsaq 118,6, paxla 45 hektar, kələm 7,6 hektar, çiyələk 49,95 hektar, digər əkinlər isə 187,4 hektar təşkil edir. Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektar sahədə yeni sitrus (naringi) bağları, Köhnə Alvadı ərazisində 1,0 hektar mandarin bağı və Güllütəpə ərazisində isə 3,2 hektar yeni fındıq bağları salınmışdır. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində “Azərsun-Holdinq” tərəfindən yeni salınan çay sahələri 100 hektara çatdırılmış, eyni zamanda Kolatan kəndi ərazisində 1,0 hektar yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 2 hektar çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 103 hektara çatdırılmışdır. 2018-ci ilin dekabr ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilmişdir. Rayon üzrə 420 nəfər arıçı saxladıqları 7424 ədəd arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 74240 manat vəsait arıçıların cari bank hesablarına və aqrokart hesablarına köçürülməsi təmin olunmuşdur. Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işləri yekunlaşdırılmışdır. Masallı rayonunda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 - dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaqdır. 2018-ci il Masallı təhsili üçün uğurlu il kimi yadda qalmışdır.Son illərdə ali məktəblərə qəbul olan tələbələrin sayı artmaqdadır.Bu il qəbul imtahanlarında iştirak edən 734 nəfər məzundan 500 nəfəri (68%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 171 nəfəri (34,2%) qızdır. 34 nəfər 600-dən yuxarı bal toplamışdır ki, onlardan 17 nəfəri (50%) qızdır. Bundan əlavə orta ixtisas məktəblərinə sənəd vermiş 330 abituriyentdən 153 nəfəri respublikanın müxtəlif kolleclərinə qəbul olunmuşdur ki, onlardan 84 nəfəri qızdır. Xüsusilə qeyd edilməlidir ki, Hacıtəpə kənd tam orta məktəbin məzunu Eltun Elşən oğlu Müseyibzadə 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür. Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə hazırlanan tədbirlər planının icrası nəzarətdə saxlanılmış və rayonda bu istiqamətdə tədbirlər həyata keçirilmişdir. Bildiyiniz kimi 11 aprel 2018-ci il tarixi Azərbaycanda Prezident seçkiləri ilə yadda qalmışdır. Prezident seçkiləri bütün ölkəmizdə olduğu kimi rayonumuzda da yüksək səviyyədə keçirilmiş və masallılar da seçkilərdə fəal iştirak edərək ən layiqli namizədə - cənab İlham Əliyevə səs vermişlər. Bu seçkilərdə Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyev 86,03 faiz səslə qələbə qazanmışdır. Fürsətdən istifadə edib bütün masallılar adından cənab Prezidenti bu qələbə münasibətilə təbrik edir və ona çətin və şərəfli işlərində uğurlar arzulayırıq. Məruzəçi R.Hüseynov deyib: -Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanları səfərbər edəcəyik. Rayon Maliyyə idarəsinin müdiri Azər Abdullayev, Məşğulluq Mərkəzinin direktoru Elsevər İmamyarov, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru, “Tərəqqi” medallı Abusət Zeynalov, Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qumriyyə Cəfərova, sahibkar Süleyman Qurbanov və başqaları 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflər veriblər. Toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev 2018-ci ildə Masallı rayonunun inkişaf durumunu yüksək qiymətləndirmiş, 2019-cu ildə görüləcək işlərin uğurlu olacağına əminlik ifadə edib. Toplantıda ölkə Prezidentinin 25 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidməti olan Xıl kənd sakini İlqar Fariq oğlu Dadaşova 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Sonda toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə müraciət qəbul edilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |