Главная > Siyasət > Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib

Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib


15-02-2019, 15:51. Разместил: yeni321
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib

Bu gün, fevralın 15-də Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri — Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) anım günü qeyd olunub.
Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Masallının Sərçuvar kəndində, adını daşıdığı məktəbdə keçirilib.
Tədbirdə Masallı Rayon İcra hakimiyyətinin, rayon təhsil şöbəsinin, SHXÇDX-nin rayon şöbəsinin məsul işçiləri, kənd sakinləri, müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məktəbin həyətində, Milli Qəhrəmanın abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimyyətinin Başçısının müavini Aybəniz Qafarova, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Zaman Abdullayev, Kamal Məmmədov, aktyor Cəmaləddin Əliyev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıblar,  Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
Çıxışlarda göstərilib ki, Səfəralı Məmmədov 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Krasnovodsk şəhərində milis sistemində işə daxil olub. Təhsilini Bakı Xüsusi Orta Milis Məktəbində davam etdirən S.Məmmədov 1990-cı ildə həmin məktəbi bitirərək leytenant rütbəsini alıb. Ona Bakı Hava Limanında iş təklif edilsə də, Səfəralı Məmmədov Qarabağ müharibəsində iştirak etməyə üstünlük verib.1990-cı illərdə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətlərdən, 29 yaşında  dünyasını dəyişib.
Milli Qəhrəman Səfəralı Məmmədov doğma Sərçuvar kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə Səfalı Məmmədovun adı verilib, məktəbin həyətində onun büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı film çəkilib.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərinə  minnətdarlığını bildirib.
Milli Qəhrəmanın qardaşı qızı Zəminə, 7 yaşlı  Sübhanə Abdullazadə və digər məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər səsləndiriblər, Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında “Ölümümə inanma, ana!” ədəbi-bədii kompozisiya nümayiş olunub.



 
Akif VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.az 



 шаблоны для dle 11.2
Вернуться назад