Главная > Siyasət > Əhdinə çatan Nurlan

Əhdinə çatan Nurlan


5-04-2019, 17:13. Разместил: yeni321

Masallıda Aprel şəhidinin anım tədbiri keçirilib
 
Əhdinə çatan Nurlan
 
Aprelin 5-də şəhid Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon təhsil şöbəsi və kənd ərazi nümayəndəliyinin təşkilatçılığı ilə Aprel şəhidi Nurlan Əsgərovun (3.12.1995-2016) anım tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, RİHB aparatının, təhsil şöbəsinin, SHXÇDX-nin məsul işçiləri, şəhid anaları, Nurlan Əsgərlinin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ziyalılar, kənd sakinləri, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə məktəbin müəllimi Oqtay Həsənov açıb.
RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidin qəhrəmanlıqla zəngin, qısa və şərəfli həyatına nəzər salıb:”2014-cü ilin yanvarında hərbi xidmətə çağırılmış Nurlan Əsgərov 2016-cı il aprelin 4-də cəbhənin Tərtər rayonundakı təmas xəttində gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Əsgərovlar ailəsinin hər iki övladı hərbi xidməti başa vurandan sonra könüllü surətdə müddətdən artıq xidmət edib.
Qəhrəmanlıq göstərmiş 21 yaşlı şəhid gizirimiz ermənilərə məxsus komanda-qərargah məntəqəsinin partladılmasında iştirak edib. Nurlan doğma qardaşı İntiqamla bir yerdə xidmət edirdi. Şəhid qardaşının meyitini İntiqam öz çiyninə alaraq daşıyıb.
Nurlan Bayram oğlunun adının əbədiləşdirilməsi məqsədilə kəndin mərkəzi küçəsinə şəhidin adı verilib, barelyefi vurulub, adına bulaq salınıb...”
Milli Məclisin deputatı Elmira Axundova qeyd edib ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkədə siyasi sabitlik yarandı, savaş səngidi, ordu quruculuğu inkişaf etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə yaxın zamanda qələbə sevinci yaşayacağımızı vurğulayan millət vəkili Aprel döyüşlərində oğullarımızın qanı bahasına azad edilən əzəli yurd yerlərimizi buna bariz nümunə kimi göstərib.
Respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu nəzərə çatdıran RİHB-nin müavini Aybəniz Qafarova dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını bildirib.
RTŞ-nin müdir müavini Samit İslamov, Viləş kənd tam orta məktəbinin direktoru Hamil Qənbərov Nurlanın timsalında şəhidlərimizin cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək olduğunu vurğulayıblar.
QMİ cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşı Vüqar Əhmədov, veteran müəllim Əlisa Qədiyev gəncləri, məktəbliləri Nurlan kimi, eləcə də kəndin digər şəhidləri – Seyran Hacıyev (5.12.1971-1993), İmran İbrahimov (1977-1990), Füzuli Rzayev (1973-1993), Belim Yevgeniy (1970-1993), Zahir Bəyəliyev (1974-1994), İslam Abışov (1975-1994) kimi vətənpərvər olmağa çağırıblar.
Qeyd edək ki, əslən Viləş kəndindən olan digər iki şəhid – Vaqif  Nəsir oğlu və Nazim Nadir oğlu Mehbalıyev əmioğluları Bakıda – Şəhidlər Xiyabanında dəfn olunub.
Nurlanın sinif müəllimi Kamil Babayevin, səhid Seyran Hacıyevin qardaşı qızı Tutunun şəhid əsgərlərə həsr etdikləri şeirlər hamını kövrəldib.
Şəhidin valideynləri Bayram və Ziba Əsgərovlar, həmçinin tədbirdə iştirak edən digər şəhid anaları –Bakının Sabunçu rayonundan şəhid Əlizaman İslamovun anası Hürinisə Kərimova, zəngilanlı şəhid Rəşidin anası Çimnaz Baxşəliyeva, ağdamlı şəhid Anarın anası Tərlan Əsgərova, beyləqanlı şəhid Turalın anası Nəzakət Əhlimanlı ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb, övladları haqqında xatirələrini bölüşüblər. Şəhidlərin doğmaları tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.
Anım mərasimini vətənpərvərlik tədbiri kimi səciyyələndirən çıxışçılar Nurlanın timsalında şəhidlərimizin cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək olduğunu vurğulayıb, belə tədbirlərin keçirilməsinin gənc nəslin milli ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.
Məktəblilərin ifasında şəhidlərə, Vətənə, bayrağa ithaf olunmuş seirlər, musiqi parçaları səslənib.                                                           Tədbir iştirakçıları və qonaqlar şəhidin məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar.
Sonra şəhidin evində ehsan verilib.













Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад