Главная > Siyasət > Masallı RİH başçısının ağsaqqallarla görüşü

Masallı RİH başçısının ağsaqqallarla görüşü


15-04-2019, 19:20. Разместил: yeni321

Masallı RİH başçısının ağsaqqallarla görüşü

Aprelin 15-də Masallı şəhər Ağsaqqallar Klubunda Yeni Azərbaycan Partiyasının veteran üzvləri, rayon ağsaqqalları ilə görüş keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü giriş sözü ilə açaraq bildirib ki, rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla vaxtaşırı görüşmək çox xoşdur. Sizin kimi insanlarla – el arasında təmkini və ağlı ilə seçilən söz sahibləri ilə fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər. Masallıda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılır. Çünki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Ən çətin anlarda, ağır durumların qarşısı ağsaqqal sözü ilə alınır, ən böyük uğurların təməlində ağsaqqal iradəsi dayanır. Xüsusən, erkən nikah və boşanmalar, gənclərin zərərli vərdişlərə aludəçiliyi və digər bu kimi mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərlidir. Ağsaqqal həm də xalqımızın adət və ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür.
Ulu öndər Heydər Əliyevin siyasəti ölkəmizdə uğurla davam etdirilir, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim ağsaqqallara diqqət və qayğı göstərir, Azərbaycan dövləti ağsaqqallara, onların rəy və təkliflərinə böyük hörmətlə yanaşır. Müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var. Masallının ağsaqqal ziyalıları Azərbaycan dövlətçiliyinin çətin günlərində xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər. Bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqalarımız bir çox məsələlərin həllində öz dəyərli təkliflərilə əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərirlər.
Rayonda görülən və görüləcək işlər barədə danışan icra başçısı qeyd edib ki,təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir. Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində xeyli iş görülüb.Respublika Prezidenti Azərbaycanın bütün bölgələrinin ,o cümlədən Masallının inkişafını da daim diqqət mərkəzində saxlayır və rayona həmişə lazım olan köməkliyi edir. Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində, Masallının daha gözəl olması üçün var qüvvə ilə çalışmalıyıq.
Tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” ictimai birliyini sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal ziyalılardan Rafiq Bağırov, Tofiq Feyzullayev, Əyyub Mehdiyev, Vaqif Şükürov, İldırım Allahyarov, Göyçək Ələsgərova, Ərəstun Əliyev, Naidə Məmmədova və başqaları çıxış edərək ağsaqqallarla keçirilən görüşlərin Masallıda bir ənənəyə çevrildiyini, ərazilərdə keçirilən səyyar qəbullara da həmişə ağsaqqalların dəvət edilib rayon rəhbərinin onlarla söhbət edərək, məsləhət və tövsiyələrini dinlədiyini müsbət hal kimi qiymətləndirib, rayonda aparılan tikinti-abadlıq işlərini təqdir ediblər.
Ağsaqqallar son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını bildiriblər: ” Əsas vəzifəmiz müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir.”
Görüş iştirakçıları Masallının inkişafına hərtərəfli kömək göstərən ölkə Prezidentinə təşəkkürlərini bildirib, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək işində səylə çalışan rayon rəhbərliyinə uğurlar arzulayıblar.
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əminliklə ifadə edib ki, bu gün Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasına, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə, eləcə də respublikada aparılan quruculuq işlərinə öz töhfələrini verən ağsaqqallarımız gələcəkdə də müqəddəs missiyasını xalqımızın adına layiq şəkildə həyata keçirəcəklər.


 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az  шаблоны для dle 11.2
Вернуться назад