Главная > Siyasət > Masallı RİH başçısının Öncəqala ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Öncəqala ərazisində səyyar görüş-qəbulu


24-04-2019, 19:54. Разместил: yeni321
Masallı RİH başçısının Öncəqala ərazisində səyyar görüş-qəbulu

Torpağı dəyərləndirən ondan gəlir götürəndir
 
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbul-görüşlərini davam etdirir.
Növbəti səyyar qəbul aprelin 24-də Öncəqala ərazi sakinləri ilə keçirildi.
Şəhid Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təşkil olunan tədbirdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də Öncəqala və Hüseynhacılı kənd sakinləri iştirak edirdi.
Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən danışaraq bildirdi ki, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü bu günlərdə tamam oldu. Bir il ərzində ölkəmizdə möhtərəm Prezidentimizin təşəbbüsü ilə dərin islahatlar həyata keçirilib, bunun nəticəsində xalqın rifah halı daha da yüksəlib, dövlət idarəçiliyi təkmilləşib, məhkəmə-hüquq islahatı Azərbaycanda demokratik və hüquqi dövlətin daha da təkmilləşməsinə stimul verilib.
İcra başçısı rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı:
—Vaxt gələcək, Sənaye Məhəlləsindəki müəssisələrin sayı yüzlərlə olacaq və bu nəhəng istehsal mərkəzinin ərazisi genişləndikcə, sizin kəndlərlə birləşəcək.
Masallıda əhali çox, torpaq azdır. Torpağı dəyərləndirən ondan gəlir götürəndir. Torpağı əkib-becərmirsənsə onu qorumaq əbəsdir. Düzdür, ayrı-ayrılıqda hər bir əkinçi maddi çətinliklərlə üzləşir. Odur ki, kooperasiya şəklində birləşməklə, güzəştli şərtlərdən yararlanmaqla torpağı əkmək lazımdır. Necə ki, Kolatan kəndində çay təsərrüfatı üzrə 4 kooperativ yaradılıb. Onların təcrübəsindən yararlanın.  
Rayon rəhbəri bildirdi ki, kənd məktəblərinin yenidən tikilməsi təhsilimizin inkişafına göstərilən dövlət qayğısıdır. Bu nəzər-diqqəti dəyərləndirməyən valideyn, müəllim ictimai qınaq obyektinə çevrilməlidir. Yeni nəslin təkcə ali savada deyil, mükəmməl təhsilə, ixtisaslı peşəyə yiyələnməsi onun parlaq gələcəyinin qarantıdır.
Səyyar qəbula gələn sakinlər müxtəlif xarakterli təklif və müraciətlərlə çıxış etdilər. Hüseynhacılıdan veteran-müəllim Aydınəli Qənbərov, kənd dini icmasının sədri Əhməd Talıbov, Öncəqaladan Gülağa Səmədov, Yusif İmanov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, icra başçısına minnətdarlıqlarını bildirib, Hüseynhacılı kəndinin mərkəzi yolunun təmiri, ərazidə kəndara yollarının qumlanmasına, pay torpağa sənəd almaqda, elektrik xətt təsərrüfatının yenilənməsinin davam etdirilməsinə kömək göstərilməsini xahiş etdilər.
Səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparıldı, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verildi.
RIH başçısı dedi:
— Ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən Masallının 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisindən sonra digər ərazilərdəki yolların yenidən qurulması nəzərdə tutulub. O cümlədən bu ərazilər də daxil olmaqla, Viləş kəndindən keçməklə dəmiryolu stansiyasına qədər Böyük yola çıxış istiqamətində yolun əsaslı təmiri plana salınıb. Bu vaxtacan 62 kəndin yolu təmir edilib. Kəndin abadlıq-quruculuq işlərində, eləcə də kəndarası yolların təmirində bələdiyyələr də təşəbbüs göstərməli, camaat da əl-ələ verərək fəal olmalı, imkanlı adamları bu kimi digər xeyirxah işlərə cəlb etməyə səy göstərmələdirlər. Bunun timsalında Çaxırlıdakı Qadın iş qrupunun fəaliyyətini, Kolatandakı, Alvadıdakı, Gəyəçöldəki abadlıq-quruculuq işlərini misal göstərmək olar. Rayonun elektrik təsərrüfatı yenilənir, bu sahədə mühüm addımlar atılır və işlər davam edir.  Bir neçə ərazidə yeni transformatorlar qoyulub, SİP kabellər çəkilib, müasir tipli elektrik sayğacları quraşdırılıb. Bu kəndlərdə də müəyyən işlər görülüb. Hazırda Ərkivan qəsəbəsinin elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. Mərhələli şəkildə, o cümlədən bu ərazilərdəki işlər də yaxın vaxtda tamamlanacaq.
Görüşü yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Masallının sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin, görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.
 

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az



 шаблоны для dle 11.2
Вернуться назад