Главная > Siyasət > Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib

Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib


21-06-2019, 20:17. Разместил: yeni321

 

Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib

 
İyunun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş kütləvi tədbir keçirib.
Rayon rəhbərliyinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Masallı rayon Mədəniyyət Mərkəzində Dövlət Himninin ifası ilə başlayan tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri də ehtiramla anılıb.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, zəngin hərbi ənənəyə malik olan ölkəmizdə müstəqillik dövrünün ordu quruculuğu prosesi, vahid komandanlıqdan idarə olunan nizami Silahlı Qüvvələrin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sıralarında şərəfli həbi xidmətə yollanan Masallı gəncləri daim vətənin müdafiəsinə hazırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev xalqımızın tarixən formalaşmış hərb ənənələrindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hələ Gəncədə fəaliyyət göstərən hökumətinin ilk addımlarından biri Milli Ordunun yaranması haqqında verdiyi qərar olub. Həmin qərara böyük hörmət əlaməti olaraq ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən 26 iyun Azərbaycanın Silahlı Qüvvələri günü elan edilib.Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika, silah-sursatla təmin olunub və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qarşıdan gələn iyul çağırışına hazırlıq işlərinin mütəşəkkil qaydada aparıldığını, gənclərin hərbi xidmətə yola düşməyə böyük ruh yüksəkliyi ilə hazırlaşdıqlarını xüsusi vurğulayıb.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların hərbi xidmətə hərtərəfli hazırlığı istiqamətində dövlət tərəfindən görülmüş işlərdən söz açıb, təmsil etdiyi qurumun layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova çıxışında şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, bir oğlunu vətən uğrunda itirsə də minlərlə oğul qazandığını bildirib.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi vətənpərvərlik təbliğatı sahəsində mühüm işlərin görüldüyünü, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən işğalı altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə şəhid Nurlan Əsgərlinin valideynləri, Qarabağ müharibəsi veteranı Şöhrət Novruzov, Masallı şəhər 6 saylı tam orta məktəbin hərbi rəhbəri Cəmaləddin Məmmədov və həmin məktəbin şagirdi Mirəli Bağırov SHXÇDX tərəfindən diplom və plaketlə təltif ediliblər. Sonra cari ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılara Gənclər Fondunun hədiyyələri təqdim olunub.
Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, həmçinin özfəaliyyət kollektivlərinin çıxışları təqdim olunub.








 шаблоны для dle 11.2
Вернуться назад