Главная > Siyasət > Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası

Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası


14-12-2019, 23:02. Разместил: yeni321
Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası 
 
Genişmiqyaslı payız ağacəkmə kampaniyası Masallı rayonunda davam etdirilir.
Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə töhfələr verən akademik Həsən Əliyevin (15.12.1907-02.02.1993) Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dekabrın 14-də rayonun Güllütəpə ərazisinin Tatyanoba kəndində ağacəkmə aksiyası keçirildi.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və nazirliyin əməkdaşları, Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçiləri, bölgənin tanınmış ictimai xadimləri, RİH aparatının və YAP rayon təşkilatının məsul işçiləri, idarə və müəssisələrin, ekoloji qeyri-hökumət təşkilatlarının əməkdaşları, eləcə də ərazi sakinləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdi.
Aksiya zamanı Dövlət Meşə Fondunun 20 hektar ərazisində əkin və səpin işləri aparıldı. Belə ki, 10 hektar sahədə 15 min ədəd meyvə (ərik və heyva), 5 hektar sahədə 5 mindən artıq meşə cinsli (göyrüş və ağcaqayın) ağaclar əkilib, 5 hektar torpağa isə 800 kiloqrama yaxın şabalıdyarpaq palıd toxumu səpildi. Əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və qonaqların iştirakı ilə ilk tinglər torpağa basdırıldı.
Rayon rəhbəri bildirdi ki, tədbirin keçirilməsində məqsəd ölkədə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.
RİH başçısı Şahin Məmmədov diqqətə çatdırdı ki, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlunun Azərbaycan təbiətinin və ətraf mühitin mühafizəsi sahəsində xidmətləri əvəzsizdir.
Ağacəkmədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, meşəbərpa tədbirləri həyata keçirməklə təbiətə töhfə verilir: “Həm də ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad edirik”.
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov dedi ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkmişəm: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki ağac əkdiyimiz ərazi kəndə çox yaxındır. Bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar bəhrələndikləri meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində ağacların əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk. Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Sevindiricidir ki, bu gün onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları davam etdirilir".
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev hər kəsin aksiyaya böyük ruh yüksəkliyilə qoşulduğunu vurğuladı: "Hər birimiz əkdiyimiz ağacla təbiətə töhfə vermiş oluruq. Ümidvarıq ki, meşə də, əkilən ağaclar da gələcək nəsillər naminə qorunacaq. Sevinirik ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra sakinlər həm ağacların meyvələrini dərəcək, həm də əkilən ağacların kölgəsində dincələcəklər".
Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Həmdulla Əliyev, şöbə müdirləri – coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov, aqrar elmləri üzrə fəlsəfə doktoru İsmayıl Quliyev, dosent Habil Haqverdiyev,  eləcə də elmi işçi Zülfəli Rəsulov, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Zibeydə Yusifbəyova bildirdilər ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.
Elm adamları akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarınin salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açdılar, bundan sonra da ölkədə meşə ilə örtülü ərazilərin miqyasının genişləmdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini bildirdilər.
Ağacəkmə aksiyasının iştirakçıları meşə ərazilərinin genişləndirilməsini xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini bildirdilər.
Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor rəqs qrupunun iştirakı ilə davam edən tədbir aksiya iştirakçılarına xoş ovqat bəxş etdi.



 





Əlihüseyn ŞÜKÜROV,
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад