Главная > Siyasət > Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü

Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü


16-02-2020, 18:20. Разместил: yeni321
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü 

Fevralın 16-da Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri — Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) anım günü qeyd olunub.
Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Sərçuvar kəndində, adını daşıdığı məktəbdə keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, SHXÇDX-nin rayon şöbəsinin məsul işçiləri, kənd sakinləri, döyüş yoldaşları ,müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
 Anım tədbirində əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.
Tədbirdə çıxış edənlər – Masallı Rayon İcra Hakimyyətinin Başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, Milli Qəhrəmanın döyüşçü dostları Tapdıq Abbasov, Hafis Zamanov, Elxan Əliyev, Taleh Qarayev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıblar, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir.
1981-ci il S.Məmmədov hərbi xidmətə çağırılmışdır. S.Məmmədov iki il Minsk şəhərində qulluq  etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır.
1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil alamağa göndərirlər.
1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərərk  leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün Vətənə qayıdır.
S.Məmmədova Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına  ermənilərin arasına getməsinə şərait yaradırdı.
S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.
1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Subay idi.
S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı Sərçuvar kənd orta məktəbi qəhrəmanın adını daşıyır.
Anım tədbirində Masallı Dövlət Regional Kolleci tələbələrinin və “Viləş” uşaq bağçasının fidanlarının ifasında Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyevin quruluş verdiyi ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Milli Qəhrəmanın məzarı ziyarət olunub.


  

 

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
  
шаблоны для dle 11.2
Вернуться назад