Главная > Siyasət > Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib

Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib


2-05-2020, 12:30. Разместил: yeni321
Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib 

Mayın 2-də Masallı Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib.
Onlayn müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Onlayn müşavirəni giriş sözü ilə açan icra başçısı Şahin Məmmədov bildirib ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri tədbirlər görülür. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhfəsini verməkdədir.
Rayon rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılması və yumşaldılması barədə onlayn müşavirə iştirakçılarına məlumat verib.
Bir sıra rayonlar kimi Masallıda da əmək fəaliyyətinə başlanılması məqbul sayıldı.
RİH başçısı Şahin Məmmədov aztəminatlı əhalinin zəruri qida məhsulları ilə təminatı, xeyirxah insanların imkansız ailələrə etdiyi yardımlar, əhaliyə gündəlik çörək paylanması, əhalinin «Evdə qal!» çağırışına yüksək səviyyədə əməl etməsi barədə ətraflı məlumat verib, Heydər Əliyev Fondunun, Masallı Regional Mədəniyyət İdarəsinin və adlarının çəkilməsini istəməyən xeyriyyəçilərin, sahibkarların dəstəyi ilə ümumilikdə 16248 imkansız və aztəminatlı ailələrə 700 min manat dəyərində ərzaq yardımlarının paylandığını qeyd edib.
Rayon rəhbəri daha sonra bildirib ki, Heydər Əliyev Fondunun ərzaq payladığı aztəminatlı ailələr haqqında qeydiyyata nömrələrinin düzgün yazılmaması və ya nömrəyə zəng çatmaması səbəbi ilə 19 nəfər işçi heyətinin üzvləri tərəfindən yerlərdə yoxlamalar aparılıb və ərzaqların doğru ünvanlara çatırıldığı müəyyən olunub.
Qeyd olunub ki, möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına Masallı rayonu da qoşuldu. Aksiya rayonda xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Sovqatlar imkansız, aztəminatlı, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar üçün təşkil olunub.
Masallıda karantin müddətində də müvafiq işlər görülür. –Masallı vətəndaşları çətin günlərə baxmayaraq bütün bu müddət ərzində ölkə əhalisinə əsl numunə olublar. -Onlar yaxşı vətəndaş olduqlarını bir daha nümayiş etdirdilər, - deyən icra başçısı Masallı əhalisinə minnətdarlığını bildirib.
-Mərkəzi Rayon Xəstəxanası pandemiya dövrünün ilk günlərində karantin kimi fəaliyyət göstərirdi. İndi isə hospital kimi fəaliyyət göstərir. Xəstəxanada çalışan tibb işçilərinədə minnətdarlıq edirəm. Onlar can-başla, gecə-gündüz xəstələrə qulluq göstərdilər. İndi xəstəxanada 72 xəstə müalicə alır. Rayona kənardan gələn həkimlərin «Masallı otel»də qalmaları və yeməklə təmin olunmaları yüksək səviyyədə təşkil olunub.
Mərkəzi Rayon Xəstəxanasında müalicə alan müxtəlif rayonlardan olan xəstələr rayonumuzdan yüksək təəssüratla ayrılmışlar. Belə ki, Lənkəran rayon Boladı kənd sakini 92 yaşlı Ağabəyim Axundova müalicə alaraq sağalmış və evinə qayıdarkən bütün Masallının səhiyyə işçilərinə minnətdarlıq bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov eyni zamanda təhsil sahəsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Rayon təhsil şöbəsinin müdirindən ümumtəhsil məktəblərində dərslərin müəllimlər tərəfindən onlayn qaydada keçirilməsinə xüsusi diqqət yetirilməsini tələb edib.
Onlayn müşavidərə Masallı rayonunda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb.
Onlayn müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və kənd təsərrüfatı işlərinin gedişindən ətraflı danışan rayon rəhbəri əkin sahələri, suvarma məsələləri, sututarlar, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısının ölkəmizdə tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi Sərəncam, tapşırıq və tövsiyələrin rayonda uğurla icra olunduğu diqqətə çatdıran rayon rəhbəri bildirib ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Masallıda tərəvəz istehsalı ildən-ilə artmaqdadır. Tütünçülük və çiyələkçiliyə də geniş yer verilir, istehsal sahələri genişlənir. Rayon ərazisində 217 hektar sahədə çiyələk əkini aparlmışdır. Çiyələk yığımının başlanmasına baxmayaraq yığımla bağlı 300 nəfərdən çox işçiyə ehtiyac vardır. Çiyələk sahəsi və digər əkin sahələrinə işçilərin ərazilərdən cəlb olunması məqsədi ilə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyə sədrlərinə tapşırıqlar verən rayon rəhbəri qeyd edib ki, əkinçilərin Viləşçay su anbarı ilə müqavilələrini təmin etmək lazımdır. Eyni zamanda, yaxın günlərdə bir neçə sututarlarla bağlı təmir işləri aparılmalıdır.
İcra başçısı barama məsələsinə də xüsusi diqqət ayrıdığını diqqətə çatdırıb. DAİM-in əməkdaşlarının kümdarlar üçün barama qurdunun gətirilməsi üçün yaxın zamanda gedəcəklərini bildirib.
Bu məqsədlə yerlərə mütəxəssislər tərəfindən baxış keçirilməsi, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazımi köməkliyin göstərilməsi, barama qurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsini ciddi tapşırıb.
Eləcə də pomidor, xiyar, çəltik, çay, tütün, çiyələk və digər kənd təsərrüfatı bitkilərinin əkini və becərilməsi ilə bağlı aidiyyəti şəxslərə lazimi tapşırıq və tövsiyələr verib.
Daha sonra icra başçısı əhalinin və idarə müəssisələrinin işıq və qaz istehlakına olan borclardan söhbət açaraq yaxın günlərdə ödənilməsinin vacibliyini vurğulayıb.
Habelə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətindəki nöqsanlardan da bəhs edərək qeyd edib ki, nümayəndəliklər iş fəaliyyətini günün tələblərinə uyğun qurmalı, yaranmış nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.
Vətəndaşların işlə bağlı müraciətləri ilə əlaqədar karantin dövründə işə götürülənlər MKTİB, yaşıllaşdırma idarəsinə, rayon GEM və Dezinfeksiya stansiyası və bir sıra idarə-müəssisələrə yönləndirilir.
Onlayn müşavirədə rayon Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov, rayon Məşğulluq İdarəsinin rəisi Ramin Nüsrətov, Viləşçay su anbarının müdiri Mahir Əliyev çıxış edərək, pandemiya dövründə rayonda gördüyü işlərə görə Masallı RİH başçısı Şahin Məmmədova minnətdarlıq bildiriblər. “cenub.az” saytının baş redaktoru Zahir Əmənov rayon icra hakimiyyətinin başçısına onu maraqlandıran və vətəndaşları narahat edən məsələlərlə bağlı sual ünvanlayıb, rayon rəhbərinin cavabından sonra onlayn müşavirədə azad mətbuat üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov karantin dövründə səhiyyə xidməti, maarifləndirmə, dezinfeksiya və təhlükəsizliklə bağlı əziyyəti olan, eləcə də xeyriyyə əməlləri ilə insanlara dəstək olan, habelə mövcud vəziyyətin tələblərinə əməl etdikləri üçün bütün Masallı vətəndaşlarına öz dərin minnətarlığını bildirərək onlayn müşavirəni yekunlaşdırıb.

“Yeni həyat”,
www.yeniheyet.az

 

 
 шаблоны для dle 11.2
Вернуться назад