Главная > Siyasət > VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU
VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU10-07-2020, 12:08. Разместил: yeni321 |
MASALLIDA ORDUYA YAY ÇAĞIRIŞI VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU Artıq bir neçə gündür ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. İyulun 1-dən 30-dək çağırışçılar müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilir. Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlər müsbət nəticələrini verir. Gənclərimiz müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yollanırlar. Səhər tezdən Orduya yay çağırışı ilə bağlı yazı hazırlamaqdan ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinə yollanıram. İlk öncə burada yeni növ koronavirus infeksiyası ilə əlaqədar qabaqlayıcı tədbirlərin həyata keçirildiyinin şahidi oluram. Binanın girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar, qoruyucu maskalar, əlcəklər yerləşdirilib ki, bundan hər kəs sərbəst istifadə edə bilir. Hərbi qulluqçular tərəfindən daxil olan şəxslərdə temperaturun ölçülməsi üçün xüsusi termometriya qurğusundan istifadə olunur. Həmçinin binanın yerləşdiyi ərazidə, eləcə də buradakı nəqliyyat vasitələrinin dezinfeksiya işləri yerinə yetirilir. Mən isə sabahın əsgərlərinə yaxınlaşır, bir-bir onların fikirlərini öyrənməyə çalışıram. Göyəçöllü Sahil Həsənov, lürənli Hümmət Şükürov, ərkivanlı Vüsal Vəliyev və Sərxan Məmmədov, şərəfəli Əşrəf Ağakişili, Ərəb kəndindən Razil Abbasov, Banbaşıdan Pərviz Bağırov və Mikayıl Həsənov, Təklədən Əhməd Mehtiyev fərdi söhbət zamanı vurğulayırlar ki, xidmət dövründə mətin Azərbaycan əsgəri kimi müstəqil respublikamızın ərazi bütövlüyünün qorunmasında hünər və bacarıqlarını əsirgəməyəcəklər. Köhnə Alvadıdan – Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Ceyhun İbişov, Viləş kəndindən Bakı Texniki Kollecinin məzunu Azər Ələmov, Musaküçədən Azərbaycan Dövlət Universitetinin məzunu Elvin Asifzadə hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaqlarını bildirirlər. Həkim komissiyasının üzvü Mirrəhim Nəbiyevdən öyrənirəm ki, müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsilə bağlı prosedurlara, rayon həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır. Komanda verilir, çağırıçılar sıraya düzülür. Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Ceyhun Həsənov, bölmənin əməkdaşı, kapitan Əlisəfa Abbasov çağırışçıların siyahısını oxuduqdan sonra onları təlimatlandırırlar. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə, nizam-intizamlı olmağa çağırır: Hər kəsə məlumdur ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib. Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət etməniz sizin göstərəcəyiniz əsl vətənpərvərlik nümunəsidir. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız. Masallı gənclərinin Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına əminliyini ifadə edən şöbə rəisi onlara komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında, layiqincə yerinə yetirmələrini tövsiyə edir, hərbi xidmətlərində uğurlar arzulayır. ...Gənclər onlar üçün ayrılmış avtobusa oturaraq hərbi hissələrə yola düşürlər. Yolunuz aydın olsun! Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |