Главная > Siyasət > Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib10-08-2020, 19:00. Разместил: yeni321 |
Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib Avqustun 10-da Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti videomüşavirə keçirilib. 8 avqust 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair keçirilən respublika müşavirəsi ilə əlaqədar onlayn müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 487 nəfər iştirak etmişdir. Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əsas diqqəti respublika müşavirəsinə yönəldərək bildirib ki, Baş nazir Əli Əsədovun sədrlik etdiyi videokonfrans Azərbaycan Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar-epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilib. Baş Nazir qeyd etdi ki, Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib. O, çıxışında bildirdi ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir. İqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir. Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olundu ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Respublika müşavirəsində nəzərə çatdırıldı ki, proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır... Sonra onlayn müşavirədə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov diqqətə çatdırıb ki, son günlərdə virusa yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejimində yumşalma hallarının elan olunması, bəzi qadağaların ləğv edilməsi heç də arxayınçılığa rəvac verməməlidir. Rayon rəhbəri koronavirusla bağlı rayondakı son durumla, eləcə də ərazilər üzrə xəstəliyə yoluxanların statistikası ilə bağlı geniş məlumat verib. O, Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl edilməli, tibbi maskalardan istifadə olunmalı, ictimai yerlərdə digər şəxslərlə minimum ünsiyyətə girməli, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərilməlidir. Rayon rəhbəri bildirib ki, Mərkəzi Rayon Xəstəxanası pandemiya dövrünün ilk günlərində karantin kimi fəaliyyət göstərirdi. Sonradan isə 200 çarpayılıq hospital kimi fəaliyyət göstərdi. Ümumilikdə rayon ərazisində 8510 nəfərdən yaxma götürülmüşdür. Pandemiya dövründə rayon üzrə ümumilikdə 267 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 241 nəfər sağalaraq evə buraxılmış, 14-ü vəfat etmiş, müalicə alan 12 xəstədən 11-i xəstəxanada 1 nəfəri isə ev şəraitində müalicə olunur. O, pandemiya dövründə dəfn mərasimlərinin qanunamüvafiq şəkildə keçirilməsinin vacibliyini, buna rəğmən bəzi ərazilərdə toplantı halında yas və şadlıq mərasimlərini təşkil etməyə cəhd edənlərin aşkarlanaraq inzibati qaydada cəzalandırıldığını vurğulayıb. Şahin Məmmədov karantin dövründə səhiyyə xidməti, maarifləndirmə, dezinfeksiya və təhlükəsizliklə bağlı məlumat verib. Bildirilib ki, rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 217983 nəfərlə görüşülmüş və 36680 nəfərin isə maskasız olması müəyyənləşdirilmişdir. Qaydaları pozan 489 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər və xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarətin gedişindən ətraflı danışılıb. Bəzi məscidlərdə azanın fərqli vaxtlarda səsləndirilməsinin yolverilməz olduğunu gündəmə gətirən İcra başçısı karantin rejimi ilə bağlı olaraq Məhərrəmlik ayında məscidlərdə dini mərasimlərin keçirilməyəcəyini diqqətə çatdırıb, müqəddəs pir və ocaqlardakı ziyarətlərin isə fərdi qaydada və ya 5 nəfərdən artıq olmamaq şərtilə təşkil edilməsinin vacibliyini qeyd edib. O, deyib ki, bu istiqamətdə ərazi nümayəndiliyi və bələdiyyələrin, ağsaqqal və ziyalıların, nüfuzu olan hər bir şəxsin, icma sədrləri və din xadimlərinin, eləcə də bütün aidiyyatı təşkilat nümayəndələrinin qabaqlayıcı təbliğatı önəmlidir. RİH başçısı inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətindəki nöqsanlardan bəhs edərək qeyd edib ki, nümayəndəliklər iş fəaliyyətini günün tələblərinə uyğun qurmalı, yaranmış nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır. Onlayn müşavirədə Masallı rayonunda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən, o cümlədən taxıl sahələri və yaşıllıqların yanğından mühafizəsi, ərazilərdə əkilmiş ağacların suvarılması və abadlıq işlərinin aparılmasından danışılıb. İcra başçısı əhalinin və idarə-müəssisələrin işıq və qaz istehlakına olan borclarının ödənilməsinin vacibliyini vurğulayıb. Virtual müşavirədə Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, Boradigah qəsəbə məscidinin imamı Rəşid Talıbov, Qəriblər kənd məscidinin imamı Həmid Məmmədov, Hişkədərə, Qızılağac, Mahmudavar kənd dini icmalarının sədrləri Söhrab Ağayev, Nüsrət Nəsrullayev, Vəkil Babayev, Ərkivan qəsəbə Bədirli məscidinin imam müavini İbad Məmmədov cıxış ediblər. Hüquq-mühafizə orqanlarının rəhbərləri çıxışlarında xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, sərtləşdilimiş karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüldüyünü və bundan sonra müvafiq qabaqlayıcı tədbirlərin görüləcəyini bildiriblər. Çıxışlarda həmçinin Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olanların – 35 yaşınadək hərbi vəzifəlilərin avqustun 31-dək qəbul komissiyalarına müraciət etmələri xatırlanıb. Yerli ərazi orqanlarının könüllü müraciət edənlərə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vuran vətəndaşlara yaxından kömək göstərmələri tövsiyə olunub. Din xadimləri əminliklə ifadə ediblər ki, qarşıdan gələn Məhərrəmlik ayı, Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş və xüsusi karantin dövrü qaydalarına riayət olunmaqla keçiriləcək. Pandemiya dövrü nəzərə alınmaqla bütün müqəddəs məkanlarda şəxsi gigiyena, eləcə də nizam-intizam qaydaları gözləniləcək. Tövsiyə edilib ki, din xadimləri xütbə və moizələrini sosial şəbəkələr vasitəsilə, virtual şəkildə icra etməli, Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ şəhidlərinin də ruhlarına dualar oxumağı unutmamalıdırlar. Müşavirəni yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı son günlər rayonda, eləcə də şəhər ərazisində görülən abadlıq-quruculuq işlərindən bəhs edib, qış mövsümünə hazırlıqla bağlı əlaqədar təşkilatlara tapşırıq və tövsiyələrini verib. Təhsil sahəsinə xüsusi diqqət yetirən Şahin Məmmədov avqustun 14 və 21-də ali məktəblərə qəbul imtahanları ilə bağlı abituriyenləri təbrik edərək onlara uğurlar arzulayıb. Əlihüseyn ŞÜKÜROV, AKİF AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |