Главная > Siyasət > Yenidən səngərə qayıtmağa hər an hazırıq

Yenidən səngərə qayıtmağa hər an hazırıq


2-10-2020, 13:12. Разместил: yeni321
Yenidən səngərə qayıtmağa hər an hazırıq
 
Azərbaycan gənci bütün dönəmlərdə öz vətəninə və dövlətinə sədaqətli olub. Bu gün qəlbində vətənpərvərlik ruhu hakim olan masallılı gənclər də ölkədə elan olunmuş qismən səfərbərlik tədbirlərinə böyük ruh yüksəkliyi, böyük coşqu ilə qoşulurlar. Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov kimi qəhrəman gənclərimiz bizimçün örnəyə çevrilib. Bundan qürur hissi keçiririk.
Bu sözləri müsahibəsində Masallı rayonunun Xırmandalı kəndindən olan Aprel döyüşlərinin iştirakçısı Mansur Quliyev deyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirərək ordu sıralarına yollanan Mansur Quliyev 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Tərtər-Qapanlı istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısının alınmasında iştirak edib. Seysulan kəndi uğrunda döyüşlərdə hər iki ayağından güllə yarası alıb.
Aprel döyüşlərini zəfər salnaməmizin Azərbaycanın hərb tarixinə yazılan ilk səhifəsi kimi səciyyələndirən 27 yaşlı gənc daha sonra vurğulayıb ki, düşmən 4 il öncə ordumuzun, Azərbaycan əsgərinin gücünü görmüşdü. Onlar anlayırdı ki, işğal olunmuş torpaqlarımızı heç zaman güzəştə getməyəcəyik. Dövlətimizin iqtisadi-hərbi gücünə yetərincə bələd olan qarşı tərəf bu günlərdə də ordumuzun cəbhəboyu qarşısıalınmaz əks-hücum əməliyyatlarına davam gətirməyərək geri çəkilir. Xeyli sayda canlı və hərbi-texniki itkilərə məruz qalaraq məğlubiyyətinin əvəzində cəbhəyanı kəndlərimizi, dinc sakinləri atəşə tutur.
M.Quliyev bildirib ki, möhtərəm Prezidentimiz aprel qələbələrinin ildönümündə bir qrup hərbçi ilə görüşdə terrorist ölkə rəhbərliyinə xəbərdarlığını səsləndirmişdi: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik... Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Ali Baş Komandanımızın separatçılara ünvanladığı son mesajlar isə qəti və aydındır: “ Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
“Bu gün hər bir azərbaycanlı ölkə rəhbərinin ətrafında sıx birləşib, ordumuza güvənir.
Çalışırıq ki, bu torpağa, bu yurda gərəkli olaq. Boynumuzda haqqı olan Vətən qarşısında müqəddəs borcumuzu şərəf və ləyaqətlə yerinə yetirməyə, lazım gələrsə yenidən səngərə qayıtmağa hər an hazırıq”,- deyə Aprel döyüşçüsü fikrini yekunlaşdırıb.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад