Главная > Siyasət / Dünya Xəbərləri > Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”25-10-2020, 07:52. Разместил: yeni321 |
Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir” Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində rəşadətli Ordumuz demək olar ki, hər gün qələbə xəbərlərilə bizi sevindirməkdədir. Uğurlu əks-həmlə əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı Cəbrayıl şəhəri və rayonun 55 kəndi, Xudafərin körpüsü düşmən işğalından azad olunub. Odur ki, xalqımızla birgə cəbrayıllılar da böyük sevinc içindədir. Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Əli Hüseynovun ailəsi 27 ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun Əmirvarlı kəndinə qayıda biləcəklər. Ailənin başçısı Əli kişi ilə görüşüb bu tarixi hadisə barədə fikir və düşüncələrini qələmə almağa çalışdım. 66 yaşlı müsahibim ilk ənənəvi sualımı bu cür cavablandırdı: “Cəbrayıl şəhəri işğal olunmuşdu. Arazboyu kəndlər qalmışdı. Üç tərəfdən mühasirədəydik. Çıxış yolumuz təkcə Xudafərin körpüsündən idi. Camaat İrana keçməklə canını qurtarmağa çalışırdı. Həyat yoldaşımı üç azyaşlı uşaqla (5 yaşlı oğlum və 7-8 yaşlı iki qızımla) Azərbaycan tərəfə ötürdükdən sonra mən atamla aşağı kənddə, İranla həmsərhəd ərazidə qaldıq. Deyirdilər ki, Arazboyu kəndlər istiqamətindən ordumuz hücuma keçəcək, mühasirəni yaracağıq. Ümidimiz vardı, gözləyirdik. Yuxarı tərəflərdə ermənilərlə ara-sıra atışmalar olsa da, hələ ki, qarşı tərəf hücuma keçmirdi. Bizimkilərdən isə xəbər-ətər çıxmadı ki, çıxmadı. Gözümüz arxada qala-qala, kəndimizə baxa-baxa ayrıldıq... İrandan keçməklə əvvəlcə İmişli rayonuna, sonra Masallıya gəldik. Biz gələndən sonra, noyabrın 24-də Xudafərin kəndi və körpülər işğal olundu.” Ə.Hüseynov sözünə davam edərək bildirdi ki, Masallıda, Şərəfə kəndində məskunlaşdıqdan sonra “Sabir” adına sovxozda işləməyə başladım. Sonradan isə şəxsi heyvandarlıq təsərrüfatı ilə məşğul oldum. Övladlarım burda ailə qurublar. Özümə dəbdəbəli ev də tikmədim. Bilirdim ki, gec-tez yurdumuza qayıdacağıq. Heç nəyim olmasın, təki gedim o quru torpaqda əyləşim. İlk andan diqqətimi zəhmətkeş insan kimi cəlb edən bu insan xatirələrini dilə gətirdikcə həm kövrəlir, həm sevinirdi. Hiss edirdim ki, bu mövzuda danışmaq onunçün nə qədər ağrılı və dəhşətlidir. Əli kişi bu hissləri məndən gizlətməyə çalışsa da nəzərimdən qaçmırdı. O, isə arxada qalan, doğma ocaqla bağlı 39 illik yaddaşını təzələməyə cəhd edirdi: “Doğma kəndimizin düşməndən azad edildiyi gün nə dərəcədə sevinc hisslərini yaşadımsa, onu sözlə ifadə etmək olmaz. Hələ müharibənin ilk günündə azad olan əraziləimiz sırasında Böyük Mərcanlının adı çəkiləndə, yəqin etdim ki, yaxın vaxtda kəndimizin də xoş xəbərini eşidəcəyik. 27 ildir ki, bu günü gözləyirdik. Bir an olsun belə Əmirvarlını unutmadım. Düzən yerdə, eyni zamanda dəmir yolu və Laçın-Kəlbəcər yolunun üstündə yerləşən kəndimizin üst tərəfi nisbətən çılpaq dağlardır. 4-5 kilometr uzaqlıqda yerləşən bulaqdan həyətlərə borular vasitəsilə su çəkmişdik. Yan Təpə ərazisində otlaq sahələrimiz vardı. Evin tək övladı olmuşam. “28 may” sovxozunda yem və taxılçılıq briqadiri işləyirdim. Buğda, arpa əkirdik. Qismən maili – sulu, münbit torpaq sahələrində üzüm plantasiyaları salınmışdı. Süfrə və texniki sortlar yetişdirirdik. Atam Məhəmməd kişi (1934-2006) şəxsi təsərrüfatında xirda və iri mal-qara bəsləyirdi. Heyvanların qış yatağı Diridağda idi. Atam çox vaxt Xudafərin kəndində qalardı. Kirayə ev tutmuşdu. Dördüncü sinfi də orda oxumuşam. Min ilə yaxındır təbii qayalar üzərində qərar tutan Xudafərin körpüsünün altından, Arazdan su götürərdik.” Dərd kimi sevinc hissləri də dilsiz olur. Yəni tam ifadə etməkdə çətinlik çəkirsən. Əli kişi danışdıqca qulaq asmağa, bütün gizlinlərə aydınlıq gətirməyə çalışırdım. —89 yaşlı anam Həsiyyə Məmmədovanın, ömür-gün yoldaşımın, övlad və nəvələrimin arzusu tezliklə doğma ata-baba ocağına qayıtmaq, orada qurub-yaratmaqdır. Sevinirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin köməyilə işğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik. Hətta Masallıdakı qonşularım da deyir ki, biz də sizinlə gələcəyik Cəbrayıla, görək o tərəflər necədir? Şərəfəlilər kimi əmirvarlılar da qonaqpərvərdir. Söhbət əsnasında o, bəzi nüansları, narahatlığını da dilə gətirdi: “Bu gün qarşımızda tab gətirməyib qaçan azğın düşmənə heç vəchlə fürsət verməməliyik. Onların xisləti belədir – bir üzü mələk, bir üzü şeytan. İşləri çətinə düşəndə ikiqat əyilər, qəddi düzələn kimi ilana çevrilər. Aman verməməliyik ki, əl-qolları açılsın.” Sonda müsahib böyük Qələbəyə əminliyini belə ifadə etdi: “Düşmən bilir ki, artıq onların oyunu bitib. Məğlub Ermənistanın fantaziyası, “sudan quru çıxmaq” cəhdi bir nəticə verməyəcək. Bu kimi fikirləri ölkə rəhbərimiz oktyabrın 20-də xalqa müraciətində də bildirdi: “Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.” Gənclərimiz orduya könüllü yazılır. İgid oğullarımız düşmən üzərinə qorxmadan şığıyırlar. Çünki inamları, güvənləri möhkəmdir. Bu cür güclü dövləti, ölkə rəhbəri olan əsgər nədən çəkinsin ki? Hətta mənim kimi yaşlılar da Vətənin səsinə hay verərək qalan torpaqlarımızı yağı tapdağından azad etməyə hazırdır. Əminəm ki, Ali Baş Komandanın başçılığı ilə işğal altında olan digər rayon və kəndlərimiz də yağılardan azad ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir...” AKİF AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |