Главная > Siyasət / Dünya Xəbərləri > QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI

QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI


26-11-2020, 20:30. Разместил: yeni321
 
Ölümü gözə alan igidlərimiz
 
QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
 
Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu.  
Bu gün Cənubi Qafqazın qalib lideri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti sayəsində yerə, göyə sığmayan qələbə sevincini yaşayırıq. Həmrəy, möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə fəxr edir. 
Neçə vaxtdır ki, onlarla görüşüb, müsahibə hazırlayaraq içimdəki narahatlıqdan xilas olmaq istəyirdim...

Yolum Masallı rayonunun Ərkivan qəsəbəsinədir. İlk gedəcəyim ünvan – qəhrəman eloğlumuz Daməd İbrahimlinin yaşadığı Abbaslı küçəsidir. Yadımdadır, oktyabrın 14-də, müalicə aldığı Bakı Hərbi Hospitalından evə dönərkən qalib əsgərimizin ilk ziyarət etdiyi yer şəhid mayor Anar Novruzovun məzarı və evinin qarşısındakı büstü oldu. Həmin ərəfədə mən də bir qrup nümayəndə ilə birgə 23 yaşlı qazimizin görüşünə getmişdim.
İkinci dəfə qapılarını döyüb ailəni narahat etməkdə bir az tərəddüd etdim, nəsə mənə çətin gəldi. Çox götür-qoy edib fikirləşsəm də, son anda sanki müqəddəs yolçuluğa çıxmış oğullarımızın ziyarətinə getməyi, onlar haqqında yazı hazırlamağı mənəvi borcumuzun bir ifadəsi kimi səciyyələndirdim...
Evlərində məni Daməd qarşıladı. Atası Arif və böyük qardaşı Səlim sürücü olduqlarından işlə əlaqədar uzaq səfərdə idilər. Çay süfrəsi arxasında söhbətimizi davam etdirdik. Öyrəndim ki, Daməd İbrahimli qəsəbədəki 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində təhsil alıb. 13 yaşından yunan-Roma güləşi ilə məşğul olub. Bu yolda ona Əməkdar məşqçi Səyədulla Əkbərov bələdçilik edib. Bir sıra turnirlərin mükafatçısı olub.
Ordu sıralarından bu ilin yanvarında tərxis olunub. Ordumuz mənfur düşmənə qarşı əks-hücum əməliyyatlarına başlarkən cəbhəyə ilk yollanan könüllülərdən olub Daməd.
O, deyir ki, ikinci dəfə xidmətə yollananda dostlarım, sinif və əsgərlik yoldaşlarımdan da mənimlə olanlar vardı. Sonradan cəbhə yollarımız ayrıldı. Keçmiş hərbi xidmət yoldaşlarımdan birinin boğazından qəlpə yarası alaraq, sağaldıqdan sonra yenidən döyüş meydanına qayıtdığını da eşitdim.    
Daməd İbrahimli sentyabrın 28-də Füzuli rayonu istiqamətində Milli Ordumuzun əks-hücumları zamanı yaralanıb, bir qolunu itirmək təhlükəsindən qurtula bilməyib. O, həmin anları belə xatırlayır: ”Sentyabrın 27-dən 28-ə keçən gecə və səhər saatlarında intensiv döyüşlər gedirdi. Döyüş şəraitinə tam nəzarət edirdik. Əhval-ruhiyyəmiz də kifayət qədər yüksək idi. İlkin həmlədə düşmənin fəallaşmaq cəhdinin qarşısını alır, sonrakı mərhələlərdə isə qarşı tərəfin istehkamlarını yarır, azğınları ağır itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur edirdik... Qızğın döyüşlər zamanı birdən arxa hissədə güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. 3-4 saniyə özümdə olmadım. Sonra yoldaşlarımın mənə baxaraq qışqırdıqlarını görəndə yəqin etdim ki, yaralanmışam. Dirsəkdən parçalanaraq üzülüb sallanan qolumu o biri əlimlə tutub yaxınlıqdakı təpənin dibinə çəkildim. Əsgər yoldaşlarım məni döyüş meydanından çıxartdılar... Füzuli hospitalında həkimlərin səyinə baxmayaraq sağ qolum amputasiya olundu. Evdəkilərə dedim ki, ayağımdan yüngül zədə almışam...”
Daməddən ağrıları barədə soruşanda cavab verdi ki, ən böyük ağrılı yerimiz düşmən tapdağında olan torpaqlarımız idi, ona da məlhəm tapdıq. Bədəndəki yaralar gec-tez sağalacaq. O cür partlayışın, odun-alovun içindən sağ çıxmışam, Allahıma şükr etməliyəm. Nəinki qolum, canım da Vətənə qurbandır.
Mən:
– Zənnimcə, bu müdhiş xəbərdən hamıdan çox qazilərimiz sevinir. Şəhid olan və yaralanan döyüş yoldaşlarının qanı yerdə qalmadı.
Daməd:
– Heyfslənirəm ki, son döyüşlərə qədər iştirak edə bilmədim. Təsəlli tapıram ki, sonda qələbə bizimlə oldu. Azərbaycan əsgəri tutduğu mövqeləri, yaşayış məskənlərini sonacan qoruyub saxlaya bildi, aciz, qorxaq erməni kimi döyüş meydanından qaçmadı, daim irəli addımladı – gücünü göstərdi, haqqını aldı.
Qarşımda dayanan pəhləvan cüssəli Damədin vüqarlı, əzmli duruşu, qartal baxışı məndə, lazım gələrsə onun yenidən döyüşlərə qatılacağı inamını gücləndirirdi. Bu mənzərədən necə qürurlanmayasan?!  Bəli, onun kimi məğlubedilməz əsgərlərimizin şücaəti ilə qələbəmizi anbaan yaxınlaşdırdıq.
Daməd kimi Vətənə sipər oğullar böyüdən valideynlər qarşısında baş əyirik. Özünü tox tutan qürurlu Sevanə ananın dediklərinə heyran qaldım: “Oğullar təkcə bizim deyil ki, Vətənin, bütün xalqın oğludu. Yurda, Allaha əmanət, deyib göndərmişdik övladlarımızı. Ümidlərimiz qırılmadı, innən belə də ölkəmizin firavan günləri bol olar, inşəallah!”
Əlbəttə, ay ana, daha yuxularınız ərşə çəkilməz, bundan sonra barıt qoxusunu tər güllərin ətri əvəz edər. Tezliklə Damədin gözaltısını da evə gəlin gətirərsiniz.
                                                   
                                                                          ***
Növbəti müsahibim Kamaləddin Miri oğlu Bağırovdur. Qəsəbənin İsoba adlanan küçəsində yaşayır. Onunla evlərində görüşürəm. 24 yaşlı qazi özü haqqında məlumat verir. Orta təhsilldir. Məktəb illərindən güləşlə məşğul olub. 11 yaşında ikən atasını itirib. İlk hərbi xidmətini (2014-2016) sülhməramlı qüvvələr taborunda keçirib. Sentyabrın 29-da könüllü əsgər kimi Vətən müharibəsinə yollanıb. Oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə sağ qolundan yaralanıb. İki bacının tək qardaşıdır. Subaydır.
Kamaləddin cəbhə xatirələrindən danışdıqca gözlərimiz önündə dəhşətli döyüş səhnələri canlanır: “Döyüşqabağı əsgərin psixoloji durumu, ruh yüksəkliyi əsas amildir. Döyüş əzminin daha da artırılmasında, bizimlə çiyin-çiyinə düşmən üzərinə yeriyən zabitlərimizin, xüsusilə tabor komandirimiz, polkovnik-leytenant Rəşad Quliyevin (oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhid oldu), taqım komandiri, kapitan Səxavətin (soyadını unutmuşam, Qubadlı döyüşlərində şəhid oldu), baş leytenantlar Vüsal Fərəcov, Cəfər Bağırovun xidməti əvəzsizdir. Onların köməyilə lazımi bilgiləri bölüşdürməyə, müəyyən vərdişlər əldə etməyə çalışırdıq. Odur ki, düşməndən qisas almaq yanğısı ilə sanki gözlərində şimşək çaxan əsgərlərimizin hər biri irəli, ön xəttə can atırdı. Qrup-qrup, taqım-taqım bölünərək hücuma keçirdik.”
İkinci Qarabağ müharibəsinin gələcək taleyini həll edən Cəbrayıl döyüşlərindən bəhs edən Kamaləddin Bağırov gecə və səhər saatlarında şiddətli döyüşlərin səngimədiyini, düşmənin xeyli sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdiklərini söylədi. Qubadlı uğrundakı hərbi əməliyyatları isə belə xatırladı:”Qubadlıda, nizamsız erməni hərbçilərinin mövqelərini sıradan çıxarda-çıxarda iki kəndi keçdikdən sonra bir dağın dibində mühafizə qurduq. 30-40 dəqiqədən sonra açıq sahədə, düşmənlə üz-üzə qızğın döyüşlər başladı. Təxminən 300-400 metr məsafə aramız vardı. Bütün hallarda onları qovmağa müvəffəq olurduq. Cəsədlərini döyüş meydanında atıb qaçan məğlub düşmən geri çəkildikcə biz irəliləyirdik. Dizüstü vəziyyət alaraq istifadə etdiyim RPK silahı ilə 3 erməni hərbçisini yerə sərdim. İstədim yerə uzanam, birdən sağ qolumda ağırlıq hiss etdim, silahım yerə düşdü. Komandirə vurulduğumu bildirdim. Quliyev yerə uzanmağımı əmr elədi. 2 saat idi ki, atışma səngimirdi. Komandir belimdəki silah-sursat çantamı, üst geyimimi çıxartdı. İntensiv atışma zamanı əsgərlərin mənə yaxınlaşması da təhlükəli idi. Odur ki, özüm vəziyyətdən çıxmağa cəhd etdim. İri daşın dibinə çəkildim. İlk tibbi yardımı gizir yoldaşım göstərdi...”   
Yaralı əsgərimiz hospitalda uğurlu cərrahi əməliyyat olunub, müalicə alıb, oktyabrın 30-da evə dönüb.
Etiraf edim ki, bu istiqanlı oğlanla müsahibədən çox duyğulandım. Kamaləddin deyir ki, nə qədər evdən, anamdan nigaran qalsam da Vətənin dar günündə səsinə hay verməyi ən öncül vəzifəm, müqəddəs borc sandım. Azərbaycanımızın hər bölgəsindən torpaqlarımızın xilasına qalxan minlərlə gəncə qoşulmaqdan şərəf duydum....      
Əlbəttə, belə əsəgərləri olan ordumuzla qələbəmiz mütləq idi.
Təsəlli versək də, verməsək də oğlunu cəbhəyə göndərən ana hər şeyi gözə alır. Əsgər balası müharibədədirsə, hər an məkrli düşmən snayperinə tuş gələ bilərsə, anaları qınamağa dəyməz. Dilə gətirməsə də, gözündən uzaq qoymadığı yeganə oğul övladından necə nigaran qalmasın? Kamaləddinin anası Hürnaz xanım kimi. Hiss edirəm ki, ürəyi sözlə doludur. O, söhbətimizə qoşulur: ”Kamaləddinin vətənpərvərlik hissləri məktəb illərindən özünü biruzə verirdi. Son zəng günündə dizə çökərək bayrağımızı öpüb Vətəninə layiqli övlad olacağına and içmişdi. Cəbhəyə yola salanda da elə bil harasa tələsirdi. Tələsməyinə səbəb də varmış. Qeyrətli vətən oğullarına qoşuldu, başımızı ucaltdı. Qələbəni hamıdan cox biz analar gözləyirdik. Şükürlər olsun ki, Allahım məni balama qovuşdurdu. Bütün əsgərlər bizim övladımızdır. Sevinirəm ki, onlar kimi Kamaləddinin də bu qələbədə payı var.”
 
                                                         ***
Bəli, onlar döyüş rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf gətirdilər. Onların hesabına şanlı qələbənin dadını daddıq, bayrağımız Şuşada, digər xilas olmuş ərazilərdə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər onların misilsiz qəhrəmanlıqlarının təcəssümüdür. Daməd, Kamaləddin və neçə-neçə ölümü gözə alan igidlərimizi bu cür kiçik yazılarla tərənnüm etmək mümkün deyil.
Əminik ki, yaralı əsgərlərimiz tez sağalacaq, qısa müddətdə sosial həyata adaptasiya olunacaqlar. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə vurğuladığı kimi: “Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq... Mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın.”
Nur üzlü igidlərimiz, dualarımız sizinlədir. Daha başımızı dik tutacağıq, sizlərlə fəxr edəcəyik.

AKİF AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад