Главная > Siyasət > Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi

Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi


17-12-2020, 21:13. Разместил: yeni321
 

Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi

 

Azərbaycan Vətən müharibəsində qalib gəldi. Bu qələbə Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi və diplomatik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olundu. Təsadüfi deyildir ki, ölkəmiz Ermənistanla danışıqların davam etdiyi bütün 30 il ərzində silahlı qüvvələrini möhkəmləndirir, ən müasir silah-sursat alır, müdafiə sənayesini yaradır, mütəmadi olaraq təlimlər keçirərək ordunun döyüş qabiliyyətini artırırdı. Bu barədə Prezident İlham Əliyev çıxışlarında dönə-dönə söz açıb.

Dövlət başçısı dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki şanlı qələbə ilə bağlı Zəfər paradında da bu barədə danışaraq bildirdi ki, Azərbaycan bu illər ərzində daim güc toplayıb. Əsgər və zabitlərimiz illərlə peşəkarlıq səviyyələrini artırıblar. Nəticədə milli və döyüş ruhu yüksəlmiş ordumuz böyük qəhrəmanlıq göstərib və düşmən üzərində tarixi qələbə qazanıb. Prezident İlham Əliyev dedi: “Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq”.

Amma danışıqların davam etdiyi dövrdə ATƏT-in Minsk qrupundakı həmsədrlər Azərbaycanı məğlubiyyətlə barışmağa çağırıblar. Prezident Zəfər paradındakı çıxışında bəyan etdi ki, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə deyiblər ki, münaqişənin hərbi həlli yoxdur: “Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər səbr göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Mən bunu müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərimdə demişəm, xarici mətbu orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik”.

Amma mənfur düşmən özünün çirkin əməllərindən qalmadı, döyüş meydanında məğlubiyyətə uğrayarkən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlər törətdi, cəbhə xəttindən uzaqdakı şəhərlərimizi ballistik raketlərlə, fosforlu, kasetli bombalarla atəşə tutdu. Bu atəşlər nəticəsində 100-ə yaxın mülki vətəndaşımız həlak oldu. Onların arasında uşaqlar, qadınlar və qocalar da vardı. Dörd yüzdən çox mülki vətəndaş yaralandı, beş mindən çox ev dağıdıldı. Ancaq bu zərbələr Azərbaycan vətəndaşlarını qorxutmadı, insanlar yaşadıqları əraziləri tərk etmədilər. Dedilər ki, öldü var, döndü yoxdur. Eyni zamanda, bütün ölkə bir nəfər kimi, Prezident İlham Əliyevə dəstək olub, müharibənin qələbə ilə ilə başa çatdırılması üçün hər cür çətinliyə sinə gərdi. Bu barədə Azərbaycan lideri dedi ki, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Prezident onu da qeyd etdi ki, indi bizim üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib. Bütün binalar, tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar dağıdılıb. Dövlət başçısı onların hamısının bərpa ediləcəyini və artıq bərpa işlərinə başlandığını bəyan etdi.

Zəfər paradında bir daha dünyaya çatdırıldı ki, Azərbaycan xalqı qələbə ruhu ilə yaşayır, 44 günlük müharibədə zəfər çaldığı kimi, tikinti-bərpa işlərini də çox qısa müddətdə başa çatdıracaq. Biz də inanırıq ki, bu işlər Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçiriləcək. Bu ruhu biz Zəfər paradında əyani şəkildə gördük.

 

Ələşrəf NİFTİYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 

 

 

 

шаблоны для dle 11.2
Вернуться назад