Главная > Siyasət > İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI

İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI


21-12-2020, 23:59. Разместил: yeni321
İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI 

Masallı rayonu Vətən müharibəsinin ilk günlərindən, qismən səfərbərlik elan edilən kimi öz cəsur övladlarını cəbhəyə göndərdi. Onlardan şəhid olanlar da var, qazi olanlar da. Yaralılar Allahın köməyi, dövlətimizin qayğısı, həkimlərimizin səyi ilə sağalır, şəfa tapırlar. Şəhidlərimiz isə cismən aramızda olmasalar da, ruhən bizimlədir.
Vətənimizin azadlığı üçün hər birimiz bu yolda canını əsirgəməyən, ölümü gözünnə dik baxan bu igidlərə borcluyuq. Əsgər və zabit analarının önündə baş əyirik. Vətənə layiqli övladlar böyütmüş şəhid valideynlərinin əllərindən öpürük.
İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olub. 1996-cı ildə Sədrəddin Rəhimov adına tam orta məktəbini uğurla bitirib. O, məktəbdə, xüsusilə riyaziyyat fənnini yaxşı bilməsilə seçilmişdir. Müəllimləri, yaxınları, dostları İntiqamın riyaziyyat müəllimi olacağını düşünsələr də, o öz taleyini hərb işinə bağladı.
Ailədə 4 qardaşdan biri olan qəhrəmanımız 1996-cı ildə hərbi xidmətə yollanıb, 1999-cu ildə xidmətini başa vurub.
İ.Abbasov əsgərlikdən sonra birillik hərbi kursda oxuyub, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə gizir və tank komandiri olaraq işə başlayıb.
Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplom, fəxri fərmanr və medallarla təltif edilib.
2000-ci ildə ailə həyatı qurub. Bir oğlu, bir qızı yadigar qalıb...
İ.Abbasov sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
“Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutuna bükülən bayraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən oğlu Əli Abbasova təqdim edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Yavər oğlu Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад