Главная > Siyasət > Masallıda Milli Qəhrəmanın xatirəsi ehtiramla yad edilib

Masallıda Milli Qəhrəmanın xatirəsi ehtiramla yad edilib


18-02-2021, 11:47. Разместил: yeni321
Masallının Milli Qəhrəmanı anılıb 

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəşid Talıbov və Masallı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı, müharibə veteranı Nurlan Muradov Sərçuvar kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədovun (14.10.1963-16.02.1992) anım mərasimi ilə əlaqədar qəhrəmanın evində olmuş, anası ilə görüşmüşlər.
İlk olaraq mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət etmiş, xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ruhuna dualar oxumuşlar.
Sonra Milli Qəhrəmanın anası ilə görüşən rayon rəsmiləri ailənin vəziyyəti ilə maraqlanmış, xatirələrini bölüşmüşlər.
Pandemiya qaydaları gözlənilməklə keçirilən mərasimdə Masallı RİHB-nın Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəzər Tağıyev, kənd ağsaqqalları, ziyalılar, Milli Qəhrəmanın doğmaları, Səfəralı Məmmədov adına Sərçuvar kənd orta məktəbinin müəllim və şagird kollektivi Milli Qəhrəmanın büstü önünə əklil və gül dəstələri qoymuş, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, Milli Qəhrəmanın ev muzeyində olmuşlar.
Milli Qəhrəmanın anası Şahbəstə Məmmədova ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlğını bildirmişdir.
Məlumat üçün bildirək ki, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir. 1981-ci ildə hərbi xidmətə çağırılmışdır.
S.Məmmədov iki il Minsk şəhərində qulluq etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində mükafatlandırılır.
1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərirlər. 1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərərk leytenant rütbəsi alır.
S.Məmmədova Bakı aeroportunda iş təklif olunsa da o, inadla Qarabağın ən qaynar nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı.
S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.
1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 nömrəli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Subay idi.
S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı Sərçuvar kənd orta məktəbi qəhrəmanın adını daşıyır.
 
 

Akif AĞAYEV,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад