Главная > Siyasət / İqtisadiyyat > “Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq

“Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq


3-03-2021, 19:05. Разместил: yeni321
“Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq

Son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolu, həyata keçirilən irimiqyaslı layihələr, ümumiyyətlə əksər sahələrdə qazanılan uğurlar, 44 günlük haqq savaşımızdakı Böyük Zəfərimiz Qarabağa Böyük Qayıdışımızı tezləşdirdi.
Azərbaycanın, onun liderinin beynəlxalq aləmdəki qüdrətini, nüfuzunu daha da möhkəmlətdi. Artıq gücümüzə bələd olan dünya dövlətləri özlərini etibarlı tərəfdaş kimi göstərməyə çalışır, investorlar Qarabağda reallaşacaq layihələrdə iştirak etməyə maraq göstərirlər.
Fevralın 26-da, media təmsilçiləri ilə görüş zamanı KİV nümayəndələrinin suallarını ətraflı cavablandıran cənab İlham Əliyev bölgənin perspektiv inkişafı yönümündə bir sıra ölkələrlə əməkdaşlığın mühüm nüanslarına da toxundu: "...postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq”.
Artıq quruculuq sahəsində ilk addımlar atılıb. Üç hava limanı inşa edilir, yeni avtomobil yolları çəkilir. Azərbaycan Prezidentinin iştirakı ilə ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında, həm də Azərbaycanla Türkiyə nəqliyyat dəhlizinin açılmasına töhfə verəcək Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu, Laçın rayonunun Güləbirdə kəndində Su Elektrik Stansiyasının açılış oldu. Həmçinin, rayonun üç kəndində bu ilin sonunadək yekunlaşacaq “Ağıllı kənd” layihəsinin icrasına start verilib. Bundan əlavə şəhər və kəndlərin planlaşdırılması prosesinə, müasir infrastrukturun qurulmasına, kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə xidmət edən pilot layihələrin icrasına və s. bərpa-quruculuq işlərinə başlanılıb.
Məhz bu qəbildəndir ki, mətbuat konfransında dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə görülən və görüləcək quruculuq işləri, burada tez bir zamanda böyük iqtisadi layihələrin gerçəkləşəcəyi barədə fikirlərə də geniş yer verildi. İkinci Qarabağ müharibəsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması istiqamətində həyata keçiriləcək layihələr barədə jurnalistlərin bir neçə sualına Prezidentimiz hərtərəfli aydınlıq gətirdi:”... aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq...”
Necə qürurlanmayasan, axı? Ermənistanın kapitulyasiyasından altı gün keçəndən sonra Füzuli-Şuşa avtomobil yolunun inşasına başlanıldı. Əzəli torpaqlarımıza yeni təravət, yeni nəfəs gəldi. Dağıdılmış, viran qoyulmuş Qarabağ yenidən çiçəklənmə dövrünə qədəm qoydu.
Əminik ki, dövlət başçımızın rəhbərliyi ilə Şuşamız nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək, Qarabağımız ən qısa zamanda, sistemli və planlı şəkildə bərpa ediləcək, Laçın, Zəngilan, Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Kəlbəcər və digər ərazilər yenidən dirçələcək, əvvəlkindən də gözəl, qaynar həyatına qovuşacaq.

Akif VAQİFOĞLU,
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад