Главная > Siyasət > Aprel döyüşləri şanlı tariximizdir
Aprel döyüşləri şanlı tariximizdir3-04-2021, 10:42. Разместил: yeni321 |
Aprel döyüşləri şanlı tariximizdir R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri şanlı tariximizdir” adlı onlayn tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları ilə bərabər, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatı Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, şəhid anası Ziba Əsgərli, Hişkədərə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, Masallı Regional ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak ediblər. Virtual tədbir ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Muzeyin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Aprel döyüşlərində ölkəmizin digər bölgələri kimi, Masallıdan olan gənclər də öz igidlikləri, göstərdikləri hərbi şücaət və rəşadət nümunəsi ilə bütün rayon əhlinə başucalığı gətirdilər. Döyüşlər zamanı gizir Nurlan Əsgərli, əsgər Firdovsi Bağırzadə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Əməkdar mədəniyyət işçisi Ə. Tağıyeva çıxışının davamında Aprel döyüşləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevin vaxtilə söylədiyi fikirlərdən sitatlar gətirib: "Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi...Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın". Muzey rəhbəri əlavə edib ki, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi ordumuzun gücünü, xalqımızın birlik və həmrəyliyini bir daha sübut etdi. MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri M. Şiriyev, Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev, ASAN Xidmət Mərkəzinin könüllüsü Lamiyə Məmmədova çıxışlarında Aprel döyüşləri zaman ordumuzun uğurlu hücum əməliyyatları, azad edilmiş ərazilər, orduya ümumxalq dəstəyi və döyüşlərlə bağlı digər vacib məqamlar barədə danışıblar. Tədbirin sonunda iştirakçılar rayon şəhidlərinin şəxsi əşyalarından təşkil olunmuş sərgiyə onlayn qaydada baxış keçiriblər. www.yeniheyet.az Вернуться назад |