Главная > Siyasət > Masallıda yeni Məhkəmə Kompleksinin inzibati binasının açılışı olub

Masallıda yeni Məhkəmə Kompleksinin inzibati binasının açılışı olub


4-06-2021, 20:26. Разместил: yeni321
Masallıda yeni Məhkəmə Kompleksinin inzibati binasının açılışı olub 

Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçilərinin, Masallı rayon İcra hakimiyyəti rəhbərliyinin, bölgənin hakimlərinin, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanları işçilərinin, vəkillərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə bununla bağlı tədbir keçirilib, media-tur təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə binanın foyesində Ümummilli lider Heydər Əliyevin barelyefi qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra bina ilə tanışlıq olub.
Bildirilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ərsəyə gələn Masallı Məhkəmə Kompleksi dövlət başçısı İlham Əliyevin tapşırığı ilə tikilmiş Masallı "ASAN Həyat" kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi zonada inşa olunub.
Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən, dörd məhkəməni əhatə edən Masallı Məhkəmə Kompleksi ölkəmizdə inşa olunmuş üçüncü məhkəmə kompleksidir. Bu komplekslər "bir qapı" prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir.
Ümumi sahəsi 3.700 kvadrat metr olan iki mərtəbədən və zirzəmi qatından ibarət kompleksdə müasir şərait yaradılıb, qabaqcıl İKT-lər, məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan verən elektron məlumat köşkləri, tabloları və məhkəmə rüsumlarının yerində ödənilməsi məqsədilə ASAN ödəniş terminalı quraşdırılıb. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait mövcuddur.
Digər müasir məhkəmə binalarında olduğu kimi, bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Məlumat verilib ki, binada yaradılmış 44 günlük Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü və xalqımızın Böyük Qələbəsini, dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza müntəzəm səfərlərini və həmin ərazilərin dirçəldilməsi istiqamətində görülən bərpa-quruculuq işlərini əks etdirən fotolar nümayiş etdirilir.
Burada, eyni zamanda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Diqqətə çatdırılıb ki, kompleksdə rayon məhkəməsi ilə yanaşı, ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq ötən ildən fəaliyyətə başlamış kommersiya və inzibati məhkəmələr, habelə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaqdır.
Kompleksdə 4 məhkəmə zalında proseslərə müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb. İnnovasiyalar və digər avadanlıqlar təchiz olunmaqla yaradılmış müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.
Binada 13 hakimin və bütövlükdə orada çalışacaq 70-dək işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait yaradılıb.
Tanışlıqdan sonra məhkəmənin konfrans zalında keçirilən tədbirdə Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov çıxış edərək son illər dövlətimizin başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb.
Bildirib ki, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib, mühüm qanunlar qəbul edilib, yeni ixtisaslaşmış – kommersiya, habelə inzibati məhkəmələr yaradılıb, dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib.
Həmçinin, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlər yaradılıb, hakimlərin sosial müdafiəsi və məhkəmələrin təminatı yaxşılaşdırılıb, innovativ və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib.
Ötən dövrdə məhkəmə hakimiyyətinin infrastrukturunun onun yüksək statusuna uyğun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Bu sahədə Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 25-ə yaxın məhkəmə üçün konseptual baxımdan yeni, müasir İKT və avadanlıqla təchiz olunmuş bina və komplekslər inşa edilib və onlar "Elektron məhkəmə" informasiya sistemi tətbiq olunmaqla yüksək texnoloji (hi-tech) məhkəmələrə çevriliblər.
Prezident İlham Əliyev Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal, Nərimanov, Binəqədi və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında iştirak edib. Bu ərəfədə isə dövlət başçısı tərəfindən paytaxtın Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası və Masallı Məhkəmə Kompleksi istifadəyə verilib.
Sonra yeni məhkəmə bina və kompleksinin açılışına və ədliyyə sahəsində innovasiyalara dair video-çarx nümayiş olunub.
Təqdimat zamanı bildirilib ki, "Elektron məhkəmə" vasitəsilə məhkəmə prosesində video-əlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. E-məhkəmənin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. "Mobil məhkəmə" tətbiqi vasitəsilə isə smartfonla məhkəməyə elektron müraciət etmək, sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq mümkündür.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, hakimlər, ictimaiyyət nümayəndələri və digər çıxış edənlər müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmələrin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının, bu sahədə şəffaflığın artırılmasına xidmət etdiyini bildirib, regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
 

шаблоны для dle 11.2
Вернуться назад