Главная > Siyasət / İqtisadiyyat > Azərbaycan iqtisadiyyatının inkişafı
Azərbaycan iqtisadiyyatının inkişafı26-07-2021, 12:38. Разместил: yeni321 |
Azərbaycan iqtisadiyyatının inkişafı Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür. Əgər sənaye istehsalına fikir versək görərik ki, sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz. İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, - çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, - bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir. Yəni, bu, nəyi göstərir? Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik. Onu da deməliyəm ki, Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq. Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax, bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir. Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək. Çünki göstəriş vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən indi, əlbəttə, Ermənistanla Azərbaycanı müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə göy qədər fərq var. Amma Ermənistan indi xarici borc içində boğulur və onların xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır. Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Nəyin hesabına? İslahatların hesabına. Nəyin hesabına? Dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bax, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Hər hansı bir qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq. Bax, qısaca olsa da, budur əsas iqtisadi göstəricilər. Hər bir qərəzsiz mütəxəssis bu göstəriciləri görərkən özü üçün yəqin edir ki, hər bir ölkə bizim göstəricilərlə fəxr edə bilər. Fərid Hüseynov - Masallı Gənclər Evinin əməkdaşı Вернуться назад |