Главная > Siyasət / Manşet > Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib


16-12-2017, 12:16. Разместил: yeni321
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gəlib.
 
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi.
 
Daha sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak etdi. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verdi.
 
Bu layihə prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq həyata keçirilib. Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.
 
Dövlət başçısı parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlini qoydu, “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi.
 
Sonra prezident İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısı müəssisənin kollektivi ilə də görüşdü və çıxış etdi.
 
Prezident İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışına da qatıldı. O, muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.
 
Daha sonra prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak etdi. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
 
Daha sonra prezident İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti, 2013-cü ildə isə Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Burada yenidənqurma işləri 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb.
 
“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma, xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri fəaliyyət göstərir.
 
Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu.
 
Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, 9-cu mikrorayon ərazisində yerləşən Lüdviqşafen parkı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.
 
Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb.
 
Daha sonra prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak etdi. “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi. Dövlət başçısı zavodu işə saldı. Sonda xatirə şəkli çəkdirildi.





 

 шаблоны для dle 11.2
Вернуться назад