Главная > Siyasət / Mədəniyyət > YARIM ƏSR MƏTBU SÖZÜN İŞIĞINDA

YARIM ƏSR MƏTBU SÖZÜN İŞIĞINDA


10-08-2021, 19:51. Разместил: yeni321

Masallıda Həsənağa Əliyevin 50 illik jurnalistlik fəaliyyətinə həsr olunmuş tədbir 

YARIM ƏSR MƏTBU SÖZÜN İŞIĞINDA

“Yeni həyat” (Masallı) qəzeti redaksiyasında tanınmış jurnalist-publisist Həsənağa Əliyevin 50 illik jurnalistlik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
“Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, qəzetin baş ədəbi işçisi Akif Ağayev, rayon Ağsaqqallar şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələşrəf Niftiyev, RİHB yanında yaradılan İctimai Şuranın sədri, "Tərəqqi" medallı jurnalist Əyyub Mehdiyev, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva,  Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev, “Yeni həyat” qəzetinin ştatdankənar müxbirləri Asif Abbasov, İsa Hüseynov, Xanlar Rzayev 50 ildir ki, yaradıcılıq yollarında inamla addımlayan təcrübəli jurnalistin yaradıcılığı, yarım əsrə söykənən dostluq tarixçəsindən danışıb, insani keyfiyyətlərini önə çəkib, xatirlərini bölüşüblər.
Çıxışlarda istedadlı jurnalistin ömür yolu və səmərəli qəzetçilik fəaliyyəti haqqında geniş məlumat verilib, ömrünü-gününü jurnalistikaya həsr etmiş layiqli qələm sahibilərinin həyatlarındakı əlamətdar günlərin dəyərləndirilməsi örnək ənənə kimi dəyərləndirilib.
Natiqlər bölgə mətbuatının inkişafında böyük əməyi olan Həsənağa Əliyevi peşəsinin nüfuzunu qoruyan istedadlı jurnalist kimi xarakterizə edib, taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirən qocaman jurnalistə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda jurnalist Həsənağa Əliyev söylənilən xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, könül verdiyi şərəfli peşəsinə bundan sonra da sadiq qalacağını deyib.

 
                                                                 ***
Məlumat üçün bildirək ki, Həsənağa Murtuza oğlu Əliyev 1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1967-ci ildə kənd məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kənddədki soxozda tərəvəzçilik briqadalarının birində çalışa-çalışa imtahanlara hazırlaşıb, rayon qəzetinə məqalələr göndərib. 1971-ci ilin avqustundan “Çağırış” qəzeti mətbəəsində mürəttibliyə başlayıb. 1974-cü ildən korrektor, kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi, müdiri olub. “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. “İki sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun naminə”, “Azad Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib.
“Nicat qapısı”, “Nurlu ürəklər”, “ ...Dünya heç kimin”, “Yaxşılara yaxşı deyək”, “Baharda köçən durnalar”, “Mahmudavarın mərd övladları”, “Çətin yolun müsafiri”, “Zirvədən boylanan xatirələr” adlı publisist kitablarında Masallının salnaməsini yaradıb. Onlarca kitabın redaktoru, məsləhətçisi, rəyçisi olub.
O, bu gün də jurnalistika fəaliyyətini uğurla davam etməkdədir. “Yeni həyat” qəzetinin məsul katibidir.
SSRİ Jurnalistlər İttifaqının üzvü, sonra Azərbaycan Jurnalistlər Birliyi rayon təşkilatının sədri olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası Rəyasət Heyətinin üzvüdür, 2011-ci ildə Assosiasiyanın mükafatını alıb. “Qızıl qələm”, H.B Zərdabi media mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub.
Masallı rayonu Mahmudavar ərazi Ağsaqqallar şurasının sədridir. 5 övladı, 9 nəvəsi var. Məşhəd ziyarətində olub.
 
Akif VAQİFOĞLU,
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад