Главная > Siyasət > Masallının Sərçuvar kəndində abidə-bulaq kompleksinin açılışı
Masallının Sərçuvar kəndində abidə-bulaq kompleksinin açılışı17-09-2021, 13:26. Разместил: yeni321 |
Masallının Sərçuvar kəndində abidə-bulaq kompleksinin açılışı Masallı rayonunun Sərçuvar kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Sərçuvar kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib. Bu münasibətlə keçirilən tədbirə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, SHXÇDX-nin rayon şöbəsinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları, kənd sakinləri qatılıblar. Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra abidə-bulaq kompleksi ziyarət edilib, üzərinə qərənfillər düzülərək şəhidlərin ruhuna dualar oxunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları – Məşhur Məmmədov, Anar İsgəndərov, şəhid atası Vahid İsgəndərov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin – Birinci Qarabağ müharibəsinin şəhidi, Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürən, 1992-ci ilin 16 fevralında son döyüşü olan Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfəralı Məmmədov, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Səməndər Vahid oğlu İsgəndərovun və kənddəki başqa şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlıq bildiriblər. Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər. www.yeniheyet.az Вернуться назад |