Главная > Siyasət > Masallıda şəhidlərin anım mərasimləri

Masallıda şəhidlərin anım mərasimləri


8-10-2021, 17:00. Разместил: yeni321
Masallıda şəhidlərin anım mərasimləri 

Oktyabrın 8-də Masallı rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri – çavuş Namiq Nurəddin oğlu Bağırovun (Çaxırlı kəndində), əsgər Araz Elsevər oğlu Seyfullayevin (Masallı şəhərində), əsgər Şəmsəddin Sərvər oğlu Təhməzovun  (Güllütəpə kəndində) anım mərasimləri keçirilib.
Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
İldönümü mərasimlərində şəhidlərin xatirəsi ehtiramla anılıb, onlara Allahdan rəhmət dilənib.

 
Məlumat üçün bildirək ki, Namiq Nurəddin oğlu Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur.
1992-2003-cü illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil almışdır.
Namiq Bağırov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra ali təhsil almaq, arzularına qovuşmaq istəyirdi. Amma torpaqlarımızın düşmən tapdağı altında olması onun qəlbini incidirdi. Hələ uşaq ikən televizordan izlədiyi “20 Yanvar faciəsi”, “Xocalı faciəsi” və digər erməni fəlakətləri onun qəlbində düşmənə nifrət hissini alovlandırırdı.
Elə bu istəklə arzularının üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
2020-ci ilin sentyabr ayının 29-dan Füzuli rayonun azad olunmasında gedən qanlı vuruşmalarda fəal iştirak etmiş, böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
Namiq Bağırov Vətən müharibəsinin şəhididir. Füzuli döyüşləri zamanı şəhid olub.
Ailəli idi. Bir qızı yadigar qalıb...
 
8 oktyabr 2020-ci il tarixdə Çaxırlı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Masallı rayonunun Çaxırlı kəndindən olan Vətən müharibəsinin şəhid çavuşu Namiq Nurəddin oğlu Bağırov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

 
Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub.
2007-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub.
2018-ci ildə həmin məktəbi bitirib.
2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin “N” saylı hərbi hissəsində davam etdirib.
2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
 
8 oktyabr 2020-ci il tarixdə Masallı şəhər Digah qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Masallı şəhərindən olan Vətən müharibəsinin şəhid əsgəri Araz Elsevər oğlu Seyfullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.


Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur.
2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini həmin məktəbdə alıb.
Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində davam etdirmişdir.
2016-cı ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq qoymuş, əmək fəaliyyətinə başlamışdır. İşləyə-işləyə valideynlərinə maddi dəstək olmuşdur.
2019-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlamışdır.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
İgid əsgərimiz Şəmsəddin Təhməzov Ana Vətən müharibəsi uğurunda başlanan döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərmişdir.
Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənlərə qarşı mərdliklə vuruşmuşdur.
Cəsur həmyerlimiz oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
8 oktyabr 2020-ci il tarixdə Güllütəpə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
 
Masallı rayonunun Güllütəpə kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.

www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад