Главная > Siyasət > Masallılı şəhidin doğum günündə adına xatirə-bulaq kompleksi açılıb

Masallılı şəhidin doğum günündə adına xatirə-bulaq kompleksi açılıb


18-10-2021, 16:57. Разместил: yeni321
Masallılı şəhidin doğum günündə adına xatirə-bulaq kompleksi açılıb

Oktyabrın 18-də, “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Sahib Şirəliyevin doğum günündə Masallı rayonunun Ərkivan qəsəbəsində onun adına inşa edilmiş bulağın açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlətçilik tarixində şərəfli yer tutan Müstəqilliyin Bərpası Günündə keçirilən tədbirdən əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə-bulaq kompleksinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb: ”Ötən ilin sentyabrında elan edilən qismən səfərbərlik çağırışını böyük ruh yüksəkliyi və coşqu ilə qarşılayan masallılar bu gün qürurlanmaqda, başlarını dik tutmaqda haqlıdırlar. Sahib Şirəliyev kimi igid oğullarımızın sayəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazdıq. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq...”
Xüsusi təyinatlı qrup komandiri, şəhid Sahib Şirəliyevin döyüş yolundan, vətənə vurğunluğundan danışan Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal Mirkərim Əliyev Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Sahib kimi igidlərimizin şərəfli ömür yolunun gənclərə nümunə olduğunu bildiriblər.
Şair Həsən Qaradağlı şəhidə həsr etdiyi şeiri səsləndirib.
 
Şəhidin atası Yusif Şirəliyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
 
Abidə-bulağın açılışından sonra igid Vətən oğlunun qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.
Məlumat üçün bildirək ki, “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Yaşasaydı, oktyabrın 18-də 26 yaşı tamam olcaqdı...
S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb.
 
Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Hadrut istiqamətindəki döyüşlərdə, qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərib. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv edib. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin, Tuğ, Qarabulaq kəndlərinin alınmasında, Qırmızı Bazar istiqamətindəki döyüşlərdə S.Şirəliyevin xidməti əvəzsiz olub.
 
Şuşa-Laçın dəhlizi və dəhlizin üstündəki yüksəkliyin ələ keçirdilməsi əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, 2 ədəd BMP qənimət kimi götürülüb. Bu ağır vuruşda cəsur və təmkinli XTQ-nin qrup komandiri Sahib Şirəliyev qəhrəmancasına şəhid olub.       Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib.
 
 

Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад