Главная > Siyasət > Masallıda şəhid Əli Quliyevin anım mərasimi

Masallıda şəhid Əli Quliyevin anım mərasimi


29-10-2021, 16:08. Разместил: yeni321
Masallıda şəhid Əli Quliyevin anım mərasimi 
 
Oktyabrın 29-da Masallı rayonunun Kolatan kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əli Turac oğlu Quliyevin il mərasimi keçirilib.
Yeniheyet.az xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əli və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd edib ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ona görə ki, şəhidlər bizə vüqarımızı, qürurumuzu qaytarıb: “Təsəllimiz budur ki, Əli, təkcə Turacın yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Əli balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm.”
İcra başçısı həmçinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb.
Rayon icra hakimiyyətinin başçısı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkında görülən son inşaat işləri barədə məlumat verərək, buranın müqəddəs and, ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova , zəhməti olan hər kəsə minnətdarlıq ifadə edib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə respublika prezidentinə, ölkənin birinci xanımına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra mərasim iştirakçıları şəhid Əli Quliyevin məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülüb.
Məlumat üçün bildirək ki, Əli Turac oğlu Quliyev 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb.
Altıncı sinfə qədər təhsilini Məşhəd şəhərində alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana - Masallı rayonunun Böyük Kolatan kəndinə (Bağıroba) köçüb.
Təhsilini şəhid Simran Rzayev adına Kolatan kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə həmin məktəbdə orta təhsilini başa vurub.
Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Əli Quliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib.
 
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsində, Füzuli və Xocavənd cəbhələrində gedən ağır döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. Düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. İgid döyüşçü oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
O, oktyabrın 29-da Masallı rayonunun Böyük Kolatan kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhid əsgəri Əli Turac oğlu Quliyev ölümündən sonra «Vətən uğrunda», “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад