Главная > Siyasət > Masallıda şəhid Murad Nefesovn xatirəsi anılıb

Masallıda şəhid Murad Nefesovn xatirəsi anılıb


9-11-2021, 16:55. Разместил: yeni321
Masallıda şəhid Murad Nefesovn xatirəsi anılıb
 
Noyabrın9-da Masallı şəhərindən olan, 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Murad Ocaqdurdu oğlu Nefesovun il mərasimi təşkil olunmuşdur.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak etmişlər.
İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Murad Nefesov və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ona görə ki, Muradlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Murad balamız, təkcə Ocaqdurdunun yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Murad, balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm..
 
Cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı xiyabanın dünən, 8 noyabr 2021-ci il tarixdə, Zəfər Günümüzün bir illiyini qeyd etdiyimiz bir gündə açılışı haqqında məlumat verən rayon rəhbəri buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər bir kəsə minnətdarlıq ifadə etmiş, gələcəkdə buranın daha əzəmətli ziyarət yerinə çevrilməsini gənclərə tövsiyə edərək, burada Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə təntənəli surətdə təqdim edilən medallar haqqında məlumat vermiş, 247 Masalılı şəhidin şərəfinə Göyəçöl kəndi ərazində əkilən ağacəkmə kompaniyasından söhbət açmışdır.
 
Şəhid Murad Nefesovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlıq bildirmişlər.
İl mərasimində şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Qeyd edək ki, Murad Ocaqdurdu oğlu Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur.
2008-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur.
2019-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində, “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri Murad Ocaqdurdu oğlu Nefesov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın alınmasında iştirak etmişdir.
 
Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidin nəşi 9 noyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Subay idi...
Yeniheyet.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən müharibəsinin şəhidi Murad Ocaqdurdu oğlu Nefesov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda» və «Şuşanın azad olunması» medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад