Главная > Siyasət > 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü


11-11-2021, 16:32. Разместил: yeni321
12 Noyabr –  Azərbaycan Respublikasının Konstitusiya Günü 
           
 Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd oldu.

Elməddin Əzizov,
Masallı şəhər sakini, Vətən Müharibəsi Veteranıшаблоны для dle 11.2
Вернуться назад