Главная > Siyasət > Masallıda şəhidlərin anım mərasimləri

Masallıda şəhidlərin anım mərasimləri


11-11-2021, 17:25. Разместил: yeni321
Şəhid Cavad Babayev və Məhəmməd Əliyevin xatirəsi anılıb

Noyabrın 11-də Masallı rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri – Cavad Gülverdi oğlu Babayevin (Qızılağac kəndində) və Məhəmməd İlham oğlu Əliyevin (Böyük Xocavar kəndində) anım mərasimləri keçirilib.
İldönümü mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yeniheyet.az xəbər verir ki, şəhid ailələrinə başçağlığı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimiz haqqında söz açaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində Cavadların, Məhəmmədlərin hesabına düşmənləri, onların qurduqları istehkamları darmadağın etdik, itən qürurumuzu, ləyaqətimizi qaytardıq: « Vətən onda Vətən olur ki, bu cür igid oğulları var. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq...”
İcra başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
 
Şəhid əsgər Cavad Gülverdi oğlu Babayev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur.
2005 - 2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır.
2017-2018- ci illərdə Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra tikinti təşkilatlarından birində işləyirdi...
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Cavad Gülverdi oğlu Babayevin nəşi Qızılağac kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Subay idi...
Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən şəhid Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
 
Məhəmməd İlham oğlu Əliyev 9 yanvar 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
2004-cü ildə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin hazırlıq sinfinə, 2005-ci ildə həmin məktəbin birinci sinfinə daxil olmuşdur.
2016-cı ildə Böyük Xocavar kənd məktəbini bitirmişdir.
2017-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Vilayətinin Şahbuz rayonunda, “N” saylı hərbi hissədə davam etdirmişdir. Burada Vətənə, torpağa halal sevgisi, mərdliyi, dosta sədaqəti ona əsgərlərin, komandirlərin sevgisini qazandırır. Daimi nümunəvi xidməti ilə fərqlənir. Bir sözlə, can dediyi Vətən qarşısında borcunu şərəflə verir…
2018-ci ilin iyul ayında ordu sıralarından tərxis olunmuşdur.
Bir müddət Məhəmməd Əliyev çalışdığı sahədə el-obanın tərəqqisinə mühüm töhfələr verir. Yaxşılıq edə-edə özü də yaxşılıq gözündə ucalır. Nə qədər günləri məhəbbətli olsa da, Qarabağ dərdi onu rahat buraxmır. “Ölərəm, əldən əgər getsə Vətən” misrası dilinin əzbəri olur. Nifrət hissi ilə özünü əclaf dığalardan qisas gününə hazırlayır.
Azərbaycan Ordusunun əsgəri Məhəmməd İlham oğlu Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidin nəşi 11 noyabr 2020-ci il tarixdə doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Subay idi.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Məhəmməd İlham oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад