Главная > Siyasət / Mədəniyyət > Kəlbəcər qədim yaşayış məskənlərindən biridir

Kəlbəcər qədim yaşayış məskənlərindən biridir


24-11-2021, 15:10. Разместил: yeni321
Kəlbəcər qədim yaşayış məskənlərindən biridir

              Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir.
             Kəlbəcər toponimi qədim türk dilindən olub, çay üzərində qala” mənasındadır.                   1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.Dağıdılmış mədəniyyət abidələri icərisində  Vəng kəndində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd kəndində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər və Bulanıq çaylarının qovuşduğu yerdə Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası , Comərd kəndi Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhər məscidi, Başlı məscidi göstərmək olar.
             Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
             Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib.Kəlbəcər qədim abidə kimi ziyarət etməyə dəyər. Tədqiqatçılar 1968-ci ildən başlayaraq rayonun “Qaragöl” və “Zalxa” göllərinin, eləcə də “Ayıçınqıllı” və “Pəriçingilli” dağlarının sahilləri boyu qayalara həkk olunmuş təsvirləri tədqiq etmişlər.1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
   Kəlbəcərimiz təzədən  bərpa edəcəyik, yenidən qurulacaq. Böyük turizm məkanına cevriləcəkdir..
        Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq Muzeyin direktoruшаблоны для dle 11.2
Вернуться назад