Главная > Siyasət > Masallıda şəhid Cavad İbadovun xatirəsi anılıb

Masallıda şəhid Cavad İbadovun xatirəsi anılıb


26-11-2021, 22:11. Разместил: yeni321
Masallıda şəhid Cavad İbadovun xatirəsi anılıb

Noyabrın 26-da, Masallı şəhər şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində, adı çəkilən təhsil ocağının məzunu olmuş Vətən müharibəsi şəhidi Cavad İbadovun anım tədbiri keçirilib.
Tədbirdə məktəbin müəllim və şagirdləri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Cavadın qısa, şərəfli ömür yolundan bəhs edən videoçarx izlənilib.
 
Məktəbin direktor müavini Rahid Məmmədov, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə yenilməz Ordumuzun düşmən üzərində qazandığı parlaq Zəfərdən, Cavad kimi igidlərimizin şücaətindən danışıblar.
Çıxışlarda məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Cavad İbadov, Araz Seyfullayev kimi qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün üçrəngli bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu bildirilib.
 
Vətən müharibəsi iştirakçıları Tərlan Adıgözəlli və Səftər Ağayev Zəfər paradı günündə doğum günü olan, cəbhə yoldaşlarının “İbad” deyə çağırdıqları şəhidimizi xoş xatirələrlə anıblar.
Şəhid Cavad İbadovun anası Rəsmiyyə xanım, şəhid Araz Seyfullayevin anası Günay xanım tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən oğulları ilə fəxr etdiklərini söyləyiblər.
Anım tədbirində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Cavadın qəhrəmanlığını tərənnüm edən, iştirakçılara kövrək anlar yaşadan ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
 Məlumat üçün bildirək ki, Cavad Cabir oğlu İbadov 1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulub. 2013-cü ildə Masallı şəhər S.Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbini bitirib. 2014-cü ildə hərbi xidmətə yollanıb.Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq “N” saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi qulluq edib.
İdmanın güləş və taekvondo növü ilə məşğul olub.
 
Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Cavad İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzulinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, döyüşlərə Murovdağ istiqamətindən qatılıb.
 
Oktyabrın 16-da Hadrut döyüşlərində, strateji əhəmiyyətli yüksəkliyin alınması zamanı şəhid olub. 40 gündən çox müddətdə haqqında heç bir xəbər alınmayıb.
Şəhidin nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavad Cabir oğlu İbadov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Akif VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.az
 

 

 шаблоны для dle 11.2
Вернуться назад