Главная > Siyasət > Masallıda 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid çavuş Rəfail Hüseynovun anım mərasimi

Masallıda 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid çavuş Rəfail Hüseynovun anım mərasimi


30-11-2021, 15:37. Разместил: yeni321
Masallıda şəhid çavuş Rəfail Hüseynovun anım mərasimi

Noyabrın 30-da Masallı rayonunun Qarğalıq kəndində Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi Rəfail Hüseynovun il mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak ediblər.
 
Yeniheyet.az xəbər verir ki, icra başçısı Ş.Məmmədov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı Ordumuzun qalib gəldiyi Vətən müharibəsində Rəfail kimi oğullarımızın igidliyindən, 44 gün müddətində bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb:”Rəfaillər bizə Zəfər sevinci yaşatdılar. Torpaqlarımızı geri aldıq, qürurumuz qayıtdı:”Xalqımız Ulu öndər Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Atasının vəsiyyətinə əməl etdi. Azərbaycanı dünyaya tanıtdı. 44 günlük Vətən müharibəsi dünya tarixinə yazıldı. Biz şəhidləri unutsaq-unudularıq. Biz onlara borcluyuq…”
Şəhidin atası Teymur Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirib.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar ediblər.
Sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülüb.

Məlumat üçün bildirək ki, Rafail Teymur oğlu Hüseynov 1 yanvar2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirib.
Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb Rafail. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib.
2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Sonra Xüsusi Təyinatlı Qüvvələr kursuna könüllü yazılıb. Altı aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlayıb. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilib. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail olub.
Sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.
Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.
Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.
Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşanın girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...
Subay idi.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rafail Teymur oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
 www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад