Главная > Siyasət / Mədəniyyət > Masallıda şair Elşad Baratın “Ölümsüzlər” kitabının təqdimatı keçirilib

Masallıda şair Elşad Baratın “Ölümsüzlər” kitabının təqdimatı keçirilib


1-12-2021, 16:24. Разместил: yeni321
Masallıda şair Elşad Baratın “Ölümsüzlər” kitabının təqdimatı keçirilib

Masallı rayonunda şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” adlı kitabının təqdimat mərasimi olub.
Masallı Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu strategiyadan, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə mətin xalqımızın şücaətindən, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 gün müddətində qazanılan möhtəşəm Zəfərdən danışıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönümündə rayonda gerçəkləşən layihələrdən, vətənpərvərlik mövzusunda təşkil edilən silsilə tədbirlərdən söz salan A.Qafarova bunu Vətənimizin qəhrəman övladlarının müqəddəs ruhları qarşısındakı borcumuz kimi dəyərləndirib. O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elşad Baratın ərsəyə gətirdiyi yeni kitabı şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Yaradıcılığından və sayca beçinci kitabı olan “Ölümsüzlər”in  məziyyətlərindən söz salan müəllif Elşad Barat bildirib ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında məlumat, şeir və şəkillər yer alıb. O, qeyd edib ki, İkinci Qarabağ müharibəsində şəhid olan hər bir qəhrəmana bir şeir həsr edəcək.
 Müəllif Masallı rayonunun Köçəkli kəndindən olan şəhid baş gizir İntiqam Abbasova həsr etdiyi şeiri söyləyib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, şair Nurməmməd Ağayev, Masallı Mərkəzi Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova müəllifin gördüyü işi yüksək qiymətləndirib, ona gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Çıxışlar zamanı yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bu cür kitabların tədris və mədəniyyət ocaqlarına verilməsi tövsiyə olunub.
Şair Elşad Barat tədbirin təşkilatçılarına və iştirakçılarına, eləcə də kitab haqqında fikirlərini bölüşən hər kəsə minnətdarlığını bildirib.
Müəllif iştirakçılara kitablar təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.
Məlumat üçün bildirək ki, Barat Elşad Akif oğlu (Elşad Barat) 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Mirzəli kəndində anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib.
Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

2006-cı ildən jurnalist fəaliyyətinə başlayıb. Ölkənin müxtəlif sayt və qəzetlərində çalışıb. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində “Xəbərlər” proqramının aparıcısı olub. Hazırda “TəhsilPress.az” saytının baş redaktorudur. Kiçik hekayələr və şeirlər yazır. Üç şeir, bir hekayələr kitabı işıq üzü görüb.
Prezident təqaüdçüsüdür. Hekayə, şeir və məqalələri bir neçə dəfə müxtəlif müsabiqənin qalibi olub.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад