Главная > Siyasət > Sübhanlar bizə Zəfər sevincini yaşatdılar
Sübhanlar bizə Zəfər sevincini yaşatdılar7-12-2021, 19:03. Разместил: yeni321 |
Masallıda şəhid Sübhan Həsənovun ildönümü mərasimi keçirilib Dekabrın 7-də Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sübhan Rauf oğlu Həsənovun il mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, ağsaqqallar, qazilər, şəhər sakinləri, Bakı, Gəncə, Mingəçevir şəhərindən, Kürdəmir, Ağcabədi, Lerik, Yardımlı rayonlarından gələn qonaqlar və başqaları iştirak etmişlər. Yeniheyet.az xəbər verir ki, RİH başçısı Ş.Məmmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dəstək və düşmən olan ölkələrdən danışmışdır: «Ulu Öndərimizin möhkəm təməl üstündə qurduğu dövləti, onun siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli bir ölkəyə çevirdi. Sübhanlar bizə Zəfər bayramını yaşatdılar. Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Onlar özlərini əsl vətənpərvər kimi aparırlar. Qazilərimizə təşəkkür edirəm. Onlar da böyük vətənpərvərlik nümunəsi göstərərək, heç kimə minnətçi olmadılar. Sübhan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Sübhan və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq…” Şəhidin atası Rauf Həsənov onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və rayon rəhbərinə minnətdarlığını bildirmişdir. Qeyd edək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci il tarixində Masallı şəhərində anadan olmuşdur. O, 2007-2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil almışdır. Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman-Məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olmuşdur. 2019-cu ilin 30 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. İgid döyüşçü Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmətə başlamış, sonra Tovuz döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Cəsur döyüşçü oktyabrın 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir. Ailənin yeganə oğlu olan Sübhan subay idi... Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyublar. Sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür. www.yeniheyet.az Вернуться назад |