Главная > Siyasət > Masallıda şəhid Balaqardaş Vəliyevin anım mərasimi keçirilib

Masallıda şəhid Balaqardaş Vəliyevin anım mərasimi keçirilib


15-12-2021, 19:23. Разместил: yeni321
Masallıda şəhid Balaqardaş Vəliyevin anım mərasimi keçirilib 

Dekabrın 15-də Masallı rayonunun Viləş kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Balaqardaş Fərhad oğlu Vəliyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
RİH başçısı Ş.Məmmədov Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır:
-Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Balaqardaşın ruhu bizimlədir. Balaqardaş kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
“Qədir bilən xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq. Onlar üçün hekayələr, kitablar yazılacaq, filmlər çəkiləcək. Masallıdan olan istedadlı gəncimiz Cəfər Cəfərovun rəhbərliyi ilə Masallı şəhidlərinin əziz ruhuna ithaf olunan “Zəfər yolu” adlı sənədli film çəkilir. Mən dünən Cəfəri qəbul edib, filmlə bağlı öz tövsiyələrimi verdim. Cari ilin dekabr ayının sonunda şəhid ailələrinin iştirakı ilə həmin filmin təqdimatını edəcəyik.” - deyə daha sonra cənab Şahin Məmmədov geniş və əhatəli nitqində bildirib.
Yeniheyet.az xəbər verir ki, şəhid əsgər Balaqardaş Vəliyevin ailəsi, şəxsən atası Fərhad Vəliyev, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Allahverdi Ağayev, Hacı Nüsrət Kərimov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Viləş kənd qəbiristanında şəhid Balaqardaş Vəliyevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid Balaqardaşın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
Məlumat üçün bildirək ki, Balaqardaş Fərhad oğlu Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur.
2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil almışdır.
2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri Balaqardaş Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür.
Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış və müalicə üçün hospitala göndərilmişdir. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Beləliklə, gənc əsgər Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixdə doğulduğu Viləş kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Subay idi...
Respublika Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад