Главная > Siyasət / Manşet > I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş
I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş15-02-2022, 21:59. Разместил: admin44 |
15 fevral 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib. Masallı şəhər Ağsaqqallar Klubunda təşkil olunan tədbir öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev çıxış edərək Vətən müharibəsi iştirakçıları, eləcə də öz sağlamlıqlarını itirmiş qazilərə rayon rəhbərliyi adından göstərdikləri şücaətə görə təşəkkür edərək onları narahat edən məsələlərin daima ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov çıxışlarında 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin fədakarlığından, Azərbaycan xalqının mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident - Xalq birliyinin təzahürü kimi xarakterizə ediblər. “Rəşadət” ordenli şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, I və II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları hər zaman dövlətin onların yanında olduğunu, hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd edərək göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Çıxışlarda torpağa, Vətənə məhəbbətin müqəddəsliyi barədə fikirlər səsləndirilib: “Hər zaman dövlətimizin başçısı ətrafında birləşərək Müzəffər Ali Baş Komandanımızın hər bir əmrini canla-başla yerinə yetirməyə hazırıq. Bu bizim Vətən və dövlət qarşısında vətəndaşlıq borcumuzdur...” Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən I Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib. www.yeniheyet.az Вернуться назад |