Главная > Siyasət > Erməni yalanlarına uymaq Avropa Parlamentinə nüfuz gətirmir

Erməni yalanlarına uymaq Avropa Parlamentinə nüfuz gətirmir


16-03-2022, 09:32. Разместил: admin44

Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsi nəticəsində əzəli torpaqlarımız 30 illik işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, bununla da ölkəmiz özünün gücü ilə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrasını təmin etdi. Amma bu zəfərimiz Qərbin bir sıra dövlətləri, bəzi beynəlxalq təşkilatlar, eləcə də dünyadakı erməni lobbisi tərəfindən süngü ilə qarşılandı. Azərbaycana qarşı münasibəti çox zaman qərəzli olmuş Avropa Parlamen­ti (AP) yenə də ölkəmizə qarşı ədalətsiz münasibətini davam etdirməkdədir. Martın 10-da Avropa Parlamentinin qəbul etdiyi “Erməni mədəni irsinin məhv edilməsi haqqında” qətnamə fikri­mizi bir daha təsdiq edir.

Əslində İkinci Qarabağ müharibəsindən və torpaqlarımızın azad edilməsindən sonra Ermənistanın ərazilərimizdə törətdiyi dəhşətli dağın­tıları və vandalizm əməllərini bütün dünya gördü. Bir ildən artıqdır ki, Azərbaycan hökuməti dünyanın hər yerindən nüfuzlu şəxsləri, diplomatları, jurnalistləri, eləcə də sadə insanları, turistləri həmin ərazilərə dəvət edərək erməni faşizminin iç üzünü onlara göstərir.
Prezident İlham Əliyev də şəxsən Qarabağın bu və ya digər bölgəsinə səfərləri zamanı çıxışlarında erməni faşistlərinin bu bədnam əməlləri barədə geniş məlumatlar verib. Azərbaycanın ayrı-ayrı dövlət qurumları Qarabağda ermənilər tərəfindən tarixi-mədəni irs nümunələrimizə qarşı törədilən vandal­lıqlar, vəhşiliklər haqqında faktlarla, sü­butlarla dəfələrlə dünya ictimaiyyətinə, elə Avropa Parlamentinin özünə müraciətlər ünvanlayıb. Təəssüflər olsun ki, Azərbaycanın bununla bağlı bütün müraciətləri cavabsız qalıb. Erməni tərəfinin yalan iddiaları isə həmişə diqqətlə qarşılanaraq qərəzli, ikili standartlara əsaslanan qətnamələrə çevrilib. AP bununla Azərbaycanın beynəlxalq aləmdəki müsbət imicinə zərbə vurmağa çalışıb.

Elə indinin özündə də Avropa Parlamentinin Azərbaycanı Qarabağda guya Ermənistanın mədəni irsinə zərbə vurmaqda ittiham etməsi, şübhəsiz ki, sadəcə ədalətsizlik, haqsızlıq deyil, Azərbaycanofobiyanın, İslamofobiya­nın açıq təzahürüdür. Axı Azərbaycan ərazisində ilk növbədə Azərbaycan xalqının min illər boyu yaratdığı mədəni sərvətlərdən söhbət gedə bilər. Bu gün Qarabağ ərazisində onlar bütünlüklə darmadağın edilib, sökülüb, oğurlanıb. Özü də avropalı “tərəfdaşlar”ımızın çox sevdiyi ermənilər tərəfindən. Avropa Parlamenti bu barədə inadla susur. Eyni zamanda, Ermənistan respublikasının ərazisində qalmış min illərin şahidi Azərbaycan milli-mədəni irsinin dağı­dıldığı, yerlə-yeksan edildiyi, mədəni soyqırıma məruz qaldığı Avropada heç kəsin yadına düşmür.

Qarabağda albanların mədəni irsi olan və ermənilər tərəfindən mənimsənilən, özününküləşdirilən dini abidələr isə Avropa Parlamentini çox narahat edir. Erməni vandalları və terrorçuları bütün Qarabağı viranəyə çeviriblər, goreşən xislətlərini ortaya qoyaraq qəbirləri eşiblər. Bu əməllər Avropa Parlamenti tərəfindən hələ bir dəfə də qınanılmayıb. Ermənilər Kəlbəcəri tərk edərkən yaşadıqları azərbaycanlılara məxsus evləri yandı­rıblar, abidələri, meşələri məhv ediblər. Bunu AP-də görən olmayıb. Ancaq ermənilərin Kəlbəcər ərazisindəki alban abidəsi (Didavəng monastrı) ilə bağlı saxta, böhtan xarakterli qışqırıqları o dəqiqə eşidilib.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət olunub, bütün sosial infrastruk­tur məhv edilib. Bunu ermənilər edib. İndi işğalçı qüvvələrin barbarlığını, azərbaycanlılara məxsus mədəni-tarixi irsin qəddarcasına məhv edildiyini dünyada bilməyən yoxdur. Avropa Parlamentində də bunu yaxşı bilirlər. Amma özlərini bilməməzliyə vururlar. Bu, Avropa Parlamenti kimi böyük bir təşkilata nüfuz gətirmir. Əksinə, onun üçün rüsvayçılıqdır. Ona görə də bu təşkilatın yalan, saxta məlumatlar əsasında qəbul etdiyi bu cür qətnamələr Azərbaycanda “kağız parçası” kimi qiymətləndirilir. Hesab edirik ki, Avropa Parlamenti erməni yalanlarına uyub özünü hörmətdən salmamalıdır.


Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад